Aprelin 7-də Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi çərçivəsində ilk hesabat konfransı keçirib.
 
Konfransı “Balans” İMİB-nin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açaraq,  layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və layihəni icra edən “Balans” İMİB haqqında qısa məlumat verib.
 
 
 M. Nağıyev layihənin məqsəd və vəzifələri, tədqiqatın gedişi haqqında qısa məlumat verdikdən sonra, konfrans iştirakçıları aparılan sorğulardan və keçirilən görüşlərdən hazırlanmış video klipi izlədilər. Video-klip nümayişindən sonra regional turizmin mövcud vəziyyəti və layihə çərçivəsində görülmüş işlər haqqında çıxış üçün konfrans iştirakçılarına söz verildi. Konfransda çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Şəki regional KOB Dostu Elbrus İskəndərov, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki regional Turizm İnformasiya Mərkəzinin aparıcı mütəxəssisi Fərid Mustafayev çıxış etdilər.  
 
Onlar, regional turizm sektorunda mövcud vəziyyəti qiymətləndirdilər və bu sahədə olan nöqsanlardan danışdılar. Həmçinin, sahibkarların və bu sahədə çalışan insanların maarifləndirilməsini, məlumatlılıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlərin hazırlanmasını məqsədəuyğun hesab etdilər. Konfransda müzakirələrdə iştirak edən Aygün Məmmədli, Anar Nağıyev, Yaqut Sadıqlı, Adilə Məmmədova, Şəki şəhərində fəaliyyət göstərən tur agentlər Adil Məsimov və Yusif Yusifov, Zəminə Abdulhəmidova, Dinar Salmanova çıxış edərək, regionda turizm sektorundakı mövcud vəziyyətlə bağlı öz təkliflərini verdilər. Şəki İstirahət və Sağlamlıq Mərkəzinin (İSSAM) baş mütəxəssisi Mehriban Rəsullu öz çıxışında qeyd etdi ki, turizm sektoru pandemiya təsirlərinə daha çox məruz qalan sahələr biridir. Nəzərə alsaq ki, regionumuz turizm üçün imkan və ehtiyatlarla zəngindir və bu sahənin fəaliyyəti sayəsində əhalinin daha çox hissəsi faydalanır, ona görə, bu sahəyə dövlət tərəfindən daha çox dəstək olmalıdır.  Konfransda çıxış edən İctimai təşkilatlardan dəvət olunmuş nümayəndələr Aysel Sadıqlı, İlqar İlyaslı öz təkliflərini verməklə, maarifləndirmənin bu gün daha aktual olduğuna diqqət çəkdilər. Konfransda səslənən çox sayda təkliflər layihə rəhbəri və ekspertlər tərəfindən qeydiyyata alındı. 2.5 saat davam edən konfrans məhsuldar və interaktiv keçdi.