Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi regionda yaşayan qadınların sosial və iqtisadi həyatda iştirakına dəstəyini davam etdirir. Birlik qadınların arzularını gerçəkləşdirməsi və maddi rifahını yaxşılaşdırması üçün müraciət edə biləcəkləri ünvandır.
Birlikdən QHT.az-a verilən məlumata görə, Birlik 2016-cı ilin 31 oktyabr tarixində Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək hüquqi status almış, fəaliyyəti dövründə bir çox layihə icra edib. Həyata keçirdiyi layihələrin fəaliyyətləri təşkilatın Nizamnaməsinə uyğun olaraq əsasən region qadınlarının sosial və iqtisadi həyatda təşviqinə dəstək vermək olub. 2019-cu ildə icra edilən “Regionlarda yaşayan qadınların peşə biliklərinin artırılması” layihəsinin fəaliyyətləri çərçivəsində Neftçala rayonunun şəhər, qəsəbə və kəndlərində yaşayan 20 qadın dərzilik peşəsinə yiyələnib. 2022-ci ildə “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinin fəaliyyətləri çərçivəsində peşə bilikləri əldə etmiş qadınlar üçün təşkil olunmuş təlimlər vasitəsilə biznes planın yazılması, CV yazmaq və özünütəqdimetmə bacarıqları haqqında biliklər öyrədilib. Onlar bu layihə çərçivəsində əldə etdikləri peşəni sahibkarlığa çevirmək üçün proseslərin ardıcıllığı ilə tanış olublar. Peşə bilikləri əldə etmiş və peşəni sahibkarlığa çevirmək üçün müvafiq addımlar barədə məlumat almış qadınların dərzilik xidməti göstərməsi üçün üçüncü addım iş üçün müraciət etmək, avadanlıqla təmin olunmaq prosesi idi.
Layihənin nəticəsi olaraq təşkilat təlim iştirakçılarının ilk növbədə Məşğulluq Mərkəzinə Özünəməşğulluq Proqramına müraciət etməsinə və işsiz kimi qeydiyyata alınmasına dəstək olub. İştirakçılardan 1 nəfər dərzilik peşəsi üzrə təlimçi olaraq işlə təmin olunub. 2 nəfər isə dərzilik xidməti üzrə fəaliyyətə başlayıb.
Qeyd edək ki, sentyabr ayında təşkilat əlaqələri vasitəsilə Güvən Xeyriyyə İctimai Birliyi tərəfindən 7 nəfər qadına tikiş maşını hədiyyə edilib. İndi onların ailə büdcəsinə dəstək olmaq və maddi rifahını artırmaq üçün bilik və bacarıqlarıyla bərabər texniki avadanlıqları da var.
Pərvanə Fərhadqızı












