"Sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, zəfərdən sonra formalaşan yeni regional reallıqda uzunmüddətli sülh və rifahın təmin olunması üçün müəyyən addımlar atılmalıdır. Azərbaycan Respublikası, Azərbaycan dövləti olaraq, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistana sülh əlini uzatmış və bu istiqamətdə konkret addımlar atmışdır. Ermənistan hökuməti və baş nazir Nikol Paşinyan səviyyəsində də bu addımlara müəyyən adekvat cavablar verilir və sülhə mane olan revanşist qüvvələrlə Paşinyanın apardığı mübarizə göz qabağındadır".
Bu sözləri QHT.az -a açıqlama verən Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni bildirib. Onun sözlərinə görə, bütün bunlarla yanaşı, qarşılıqlı sülh mühitinin və ictimai etimadın formalaşması üçün daha konkret və prinsipial yanaşmalar ortaya qoyulmalıdır. Bu çərçivədə Azərbaycan qeyri-hökumət təşkilatları ilə Ermənistan QHT nümayəndələri arasında görüşlərin keçirilməsi müsbət addımdır. Bununla belə, bu prosesdən öncə müəyyən tələblər irəli sürülməlidir:
"Ermənistan qeyri-hökumət təşkilatları - istər Azərbaycan QHT-ləri ilə görüşən, istərsə də görüşməyən - son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş işğalçılıq siyasəti, Xocalı soyqırımı, terror aktları, ekoloji soyqırım, minaların basdırılması kimi faktlarla bağlı açıq mövqe nümayiş etdirməlidir. Onlar bu məsələlərlə bağlı rəsmi müraciət və ya bəyanat imzalayaraq öz etirazlarını və münasibətlərini bildirməlidirlər. Azərbaycan və dünya ictimaiyyəti görməlidir ki, Ermənistanın qeyri-hökumət təşkilatları və ümumilikdə vətəndaş cəmiyyəti bu proseslərə adekvat reaksiya verir və baş vermiş cinayətləri açıq şəkildə qəbul edir. Bu cür addımlar qarşılıqlı etimadın yaradılması, regionda daimi sülh mühitinin formalaşması üçün real və konkret əsas yarada bilər".
QHT sədri həmçinin bildirib ki, məhz bu halda atılan addımlar yüksək qiymətləndirilə və gələcəkdə regional sülhün təmin olunması üçün ciddi bir baza rolunu oynaya bilər:
"Bütün bu proseslər ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməlidir ki, Azərbaycan ictimaiyyəti də bu addımları adekvat şəkildə dəyərləndirə bilsin. Mən hesab edirəm ki, qarşılıqlı və prinsipial addımlar atılmaqla bu proseslər davam etdirilməli və regionda daimi, əbədi sülh təmin olunmalıdır".
Pərvanə Fərhadqızı
QHT.az






