"Zəngəzur dəhlizi artıq sadəcə dünya xəritəsində bir xətt deyil, qlobal mahiyyət daşıyan strateji layihəyə çevrilib. Bu dəhlizin əhəmiyyəti olduqca böyükdür. Çünki Zəngəzur dəhlizinin açılması prosesi birbaşa beynəlxalq gündəmdə yer alır və bu məsələyə artıq Amerika Birləşmiş Ştatlarının prezidenti səviyyəsində maraq göstərilir. Məlum olduğu kimi, 8 avqust 2025-ci il tarixində paraflanmış sazişdə Zəngəzur dəhlizinin açılması əsas müddəalardan biri kimi yer alıb. Şərti olaraq “Tramp yolu” adlandırılan bu nəqliyyat qovşağının 100 il müddətinə ABŞ tərəfindən icarəyə götürülməsi onun qlobal əhəmiyyətini bir daha təsdiqləyir".

Bu fikirləri QHT.az-a Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. O qeyd edib ki, bu layihədə aparıcı ölkə kimi Cənubi Qafqazın əsas güc mərkəzi olan Azərbaycan çıxış edir. Məhz Azərbaycan üzərindən bu layihənin həyata keçirilməsi və dərinləşdirilməsi ilə bağlı ciddi və düşünülmüş mövqelər mövcuddur:

"Təsadüfi deyil ki, Tramp tərəfindən hazırlanmış Sülh Şurası yaradılması nəzərdə tutulan strukturun təsisçiləri sırasında Azərbaycan və Ermənistanın yer alması gələcək strateji baxımdan hesablanmış addım kimi dəyərləndirilir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu nəqliyyat qovşağı vasitəsilə Asiya, Avropa, Böyük Çin və Amerika arasında birbaşa bağlantı yaranacaq. Burada əsasən yükdaşımalar, logistika və strateji kommunikasiya imkanlarından söhbət gedir ki, bu da Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir".

QHT sədri həmçinin bildirib ki, bu gün dünyada Bosfor boğazı kimi mühüm nəqliyyat və kommunikasiya xətləri necə qlobal diqqət mərkəzindədirsə, Zəngəzur dəhlizi də eyni strateji rolu oynamağa namizəddir. Bu baxımdan Azərbaycan bu layihədə son dərəcə mühüm yer və rol tutur:

"Nəticə etibarilə, Azərbaycan Cənubi Qafqazın söz sahibi olan ölkə kimi dünya iqtisadi və siyasi gücləri tərəfindən tanınacaq. Bu layihə ölkəmizin qlobal miqyasda aparıcı mövqeyə yüksəlməsində mühüm rol oynayacaq. Digər tərəfdən, regionda baş verən geosiyasi proseslər, ABŞ–İran münasibətlərindəki gərginlik, hərbi və siyasi insidentlər, eləcə də İran üzərindən aparılan müxtəlif siyasi manipulyasiyalar Zəngəzur dəhlizinin həm Azərbaycan, həm də dünya üçün nə qədər əhəmiyyətli bir strateji koridor olduğunu bir daha nümayiş etdirir".

 

Pərvanə Fərhadqızı