Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.
“Elektron Hökumət İnformasiya Sistemi”nin tərkibində “Elektron iştirakçılıq” altsisteminin yaradılması vətəndaşların və qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyində iştirak imkanlarını genişləndirəcək.
Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə həyata keçirilən islahatlar müxtəlif sahələri əhatə edir və rəqəmsal idarəetmənin inkişafı bu prosesin mühüm istiqamətlərindən biridir.
Rauf Zeyni qeyd edib ki, elektron iştirakçılıq altsisteminin yaradılması vətəndaşların və QHT-lərin dövlət idarəçiliyində iştirakının gücləndirilməsi baxımından yüksək qiymətləndirilməlidir. O bildirib ki, elektron hökumət sisteminin rəqəmsal dövlət modelinə keçid çərçivəsində bütün platformalarla əlaqəli şəkildə fəaliyyət göstərməsi ictimai təşəbbüslərin, təkliflərin və rəylərin qərarların qəbulunda nəzərə alınmasına, bununla da vətəndaş cəmiyyətinə yeni imkanların yaradılmasına şərait yaradacaq.
Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri vurğulayıb ki, bu platformaların formal mexanizmə çevrilməməsi üçün vətəndaş cəmiyyəti institutları ictimai nəzarətin və şəffaflığın gücləndirilməsinə töhfə verməlidir. Onun fikrincə, elektron iştirakçılıq sistemi işlək mexanizm kimi fəaliyyət göstərməli, cəmiyyət bu imkanlardan real fayda əldə etməlidir.
Rauf Zeyni əlavə edib ki, yeni tətbiq olunan bütün sistemlərin əsas məqsədi vətəndaş iştirakçılığını təmin etmək, vətəndaş məmnunluğunu artırmaq və insanların rifahına xidmət etməkdir. O əminliyini ifadə edib ki, “Elektron iştirakçılıq” altsistemi də qısa müddət ərzində öz müsbət nəticələrini göstərəcək.
Zəhra Ağayeva






