Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.
“Elektron Hökumət İnformasiya Sistemi”nin tərkibində “Elektron iştirakçılıq” altsisteminin yaradılması dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə keçidini ifadə edən mühüm institusional addımdır.
Bu fikirləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli QHT.az-a açıqlamasllnda səsləndirib.
Onun sözlərinə görə, bu təşəbbüs rəqəmsal transformasiyanın təkcə dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşmadığını, eyni zamanda vətəndaşların qərarların qəbulunda iştirak imkanlarının genişləndirilməsinə xidmət etdiyini göstərir.
Ramil İskəndərli bildirib ki, “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, ictimai şuraların fəaliyyəti və digər iştirakçılıq mexanizmlərinin elektron platforma üzərindən həyata keçirilməsi həm əlçatanlığı artıracaq, həm də vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində iştirakını daha sistemli və operativ edəcək. Onun fikrincə, bu yanaşma regionlarda yaşayan vətəndaşlar və QHT-lər üçün də iştirak imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Forum sədrinin sözlərinə görə, yaradılacaq altsistem yalnız müraciət və təkliflərin qəbul edildiyi texniki platforma deyil, həm də dövlətlə cəmiyyət arasında institusional dialoqun yeni rəqəmsal platformasına çevriləcək. O qeyd edib ki, təqdim olunan təkliflərin qiymətləndirilməsi üçün effektiv geridönüş mexanizmi formalaşdırılarsa, bu, vətəndaşların prosesə inamını əhəmiyyətli dərəcədə artıracaq.
Ramil İskəndərli hesab edir ki, bu təşəbbüs ölkədə açıq hökumət prinsiplərinin, ictimai iştirakçılığın və rəqəmsal idarəetmənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, şəffaflıq, hesabatlılıq və davamlı dialoq prinsipləri əsasında fəaliyyət göstərəcək mexanizm həm vətəndaşların dövlətə etimadının möhkəmlənməsinə, həm də qəbul olunan qərarların keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verəcək.
O, sonda əminliyini ifadə edib ki, “Elektron iştirakçılıq” platforması dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın daha da güclənməsinə xidmət edən müasir idarəetmə alətlərindən birinə çevriləcək.
Zəhra Ağayeva






