Elektron Hökumət İnformasiya Sisteminin strukturunda “Elektron iştirakçılıq” altsistemi yaradılacaq.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Yeni altsistem vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsini, eləcə də “İctimai iştirakçılıq haqqında” Qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilini təmin edəcək.

Vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan ictimai iştirakçılıq formalarının elektron mühitdə təşkilinin təmin edilməsi vətəndaşların bu imkanlardan daha asan və əlçatan şəkildə istifadə etməsinə şərait yaradacaq.

Bu fikirləri hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova QHT.az-a açıqlamasında  bildirib.

O qeyd edib ki, bu prosesin uğurlu olması üçün dövlət qurumlarının da təşəbbüsdə fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.

Novella Cəfərovanın sözlərinə görə, platformanın formal mexanizmə çevrilməməsi üçün QHT-lər vətəndaşlar arasında geniş maarifləndirmə işi aparmalı, seminar və təlimlər təşkil etməlidirlər. Eyni zamanda televiziya və digər media vasitələrinin də bu imkanların ictimaiyyətə düzgün çatdırılmasında fəal rol oynaması vacibdir.

O vurğulayıb ki, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə QHT sektoru platformanın fəaliyyətini mütəmadi monitorinq etməlidir. Bu yanaşma həm ictimai iştirakçılığın güclənməsinə, həm də vətəndaşların yeni elektron imkanlardan daha fəal istifadə etməsinə töhfə verəcək.

Zəhra Ağayeva