Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən hərbçilərimizin xatirəsinə həsr olunan “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib. “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən ənənəvi turnirdə bu dəfə 20 yaşadək gənclər (U-21) qüvvələrini sınayırlar.

QHT.az xəbər verir ki, Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Qeyd edək ki, turnirdə ölkəmizin idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçu iştirak edir.

 


Pərvanə Fərhadqızı