Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səssiz sözlər – Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması” layihəsi çərçivəsində növbəti işarət dili təlimi keçirilib.

QHT.az xəbər verir ki, təlim Quba Soyqırımı Memorial Kompleksi əməkdaşları üçün təşkil olunub. Təlim zamanı iştirakçılara işarət dilinin əsasları, eşitmə və nitq məhdudiyyətli şəxslərlə ünsiyyət bacarıqları, inklüziv xidmət prinsipləri barədə məlumat verilib və praktiki məşğələlər keçirilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihə təşkilatçıları tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə kompleksin direktoru Rəxşəndə Bayramova-ya təşəkkürlərini bildiriblər.