Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a bildirib ki, Ermənistanda seçkiöncəsi siyasi proseslərin gərginləşdiyi bir dövrdə Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin yenidən aktiv siyasi ritorika ilə gündəmə gəlib.
Əkrəm Bəydəmirli Ermənistanın baş naziri Nikol Paşinyan ilə Erməni Apostol Kilsəsi və katolikos II Qaregin arasında yaranmış siyasi-dini gərginlik, qarşılıqlı ittihamlar və diasporu birləşdirməyə dair çağırışlar haqqında danışıb: "Ötən dövr ərzində Ermənistanın baş naziri kilsənin yaratdığı acınacaqlı durumdan imtina etməyə cəhd göstərib. Əslində bu proses N. Paşinyanın “II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var” iddiaları ilə gündəmə gəlmişdi. Baş nazirin komandasının sərrast ittihamlarından və effektiv tədbirlərindən sonra II Qaregin bir müddət qeybə çəkilmişdi. Lakin Erməni Apostol Kilsəsinin rəhbəri yenidən ortaya çıxıb. Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında II Qaregin erməni diasporuna müraciət ünvanlayaraq diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” üçün birgə fəaliyyət göstərməsi çağırışı edib. Həmçinin erməni mediasının məlumatına görə, katolikos 12 aprel tarixində gənclərlə görüşündə də bəzi mesajlar verib və çıxışında bildirib: 'Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb'".
Sədr Ermənistanda seçkiöncəsi proseslərdə Rusiyanın və erməni diasporunun təsiri, II Qareginin rolu və Cənubi Qafqazda tarixi-rus təsirinə dair siyasi-geopolitik iddialardan bəhs edib: "II Qaregin Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşist qüvvələrə dəstək məqsədilə erməni diasporunun və digər qüvvələrin köməyindən yararlanmaq istəyir. Bütün bu proseslərdə şimal qonşumuzun barmaq izləri aydın görünür. Tarixə nəzər salsaq, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya imperiyası Azərbaycan torpaqlarını işğal etdikdən sonra erməni katolikosları yaranmış vəziyyətdən hər zaman faydalanmağa çalışıblar. Onu da unutmaq olmaz ki, Moskvanın Cənubi Qafqazda son dayaq nöqtəsi sayıla biləcək Ermənistanı asanlıqla əldən buraxacağı inandırıcı görünmür və iyun seçkisi yaxınlaşdıqca digər sürprizlərin baş verməsi ehtimalı da artır".
Əkrəm Bəydəmirli Rusiyanın Cənubi Qafqazda təsirini qorumağa çalışmasını, Ermənistanın daxili siyasi vəziyyətinin (xüsusən seçkilərin) bu prosesdə rolunu və Paşinyan hökumətinin bu geosiyasi təzyiqlər qarşısında çətinliklərlə üzləşə biləcəyini qeyd edib: "Rusiya bütün vasitələrə əl atacaq ki, regionda hegemonluğunu qoruyub saxlaya bilsin. Zavallı Paşinyanın buna necə tab gətirəcəyini isə zaman göstərəcək. Unutmayaq ki, Ermənistanda parlament seçkisi həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin vacib məqamlardan biri də budur ki, hazırda Rusiya öz ölkəsinin yetərincə problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda yenidən köhnə ssenarilərini həyata keçirməyə çalışır".






