2025-ci ildə 95875 körpə doğulub. Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova 2025-ci il üzrə Azərbaycanda doğum statistikası ilə bağlı QHT.az-a açıqlama verərək bildirib ki, ölkədə 95 min 875 körpənin dünyaya gəlməsi demoqrafik baxımdan mühüm göstəricidir.

Nailə İsmayılova bildirib ki, doğulan uşaqların 53,1 faizinin oğlan, 46,9 faizinin isə qız olması ilk baxışda ciddi fərq kimi görünməsə də, sosial və demoqrafik kontekstdə bu göstərici diqqətlə təhlil olunmalıdır. Onun sözlərinə görə, bioloji baxımdan insanlarda təbii cins nisbəti adətən hər 100 qıza qarşı təxminən 105 oğlanın doğulması ilə xarakterizə olunur ki, bu da ümumi doğumların 51–52 faizinin oğlan olması deməkdir.

N. İsmayılovanın sözlərinə görə, mövcud statistikada oğlan uşaqlarının payının 53,1 faizə çatması təbii normadan müəyyən qədər yüksəkdir. O qeyd edib ki, bu artım hazırda kritik səviyyədə qiymətləndirilməsə də, uzunmüddətli dövrdə davamlı xarakter alarsa, demoqrafik balansın pozulmasına səbəb ola bilər.

O, xüsusilə vurğulayıb ki, “uzun illər ərzində doğulan uşaqlar arasında oğlanların sayının çox olması gələcəkdə nikah yaşına çatdıqda cəmiyyət üçün balanssızlıq yaradacaq".

Sədr vurğulayıb ki, cins nisbətindəki fərqlər birbaşa genetik təhlükə yaratmasa da, gələcəkdə sosial və demoqrafik problemlərin yaranması ehtimalını artırır. Bu baxımdan gender balansının pozulması ailə institutuna, nikah göstəricilərinə və ümumi sosial struktura təsir göstərə bilər.

Nailə İsmayılova əlavə edib ki, bəzi cəmiyyətlərdə oğlan uşağına verilən üstünlük, ailə ənənələri və mövcud stereotiplər belə statistik fərqlərin formalaşmasına təsir edən əsas sosial amillərdən biridir. Onun fikrincə, cins seçimi ilə bağlı süni müdaxilələr və sosial təzyiqlər uzunmüddətli demoqrafik tarazlığa mənfi təsir göstərə bilər.

O, bu məsələ ilə bağlı daha bir mühüm məqama diqqət çəkərək bildirib: “Belə statistik göstəricilər yalnız cari vəziyyət kimi deyil, həm də gələcək üçün ciddi siqnal kimi qiymətləndirilməlidir".

N. İsmayılovanın sözlərinə görə, kişi cinsindən olan əhalinin sayının çoxluğu bəzi əmək sahələrində resurs üstünlüyü yaratsa da, bu üstünlüklər uzunmüddətli sosial riskləri kompensasiya etmək üçün kifayət etmir.

Sədr sonda qeyd edib ki, 2025-ci ilin statistikası hələlik kritik təhlükə yaratmasa da, göstəricilər ciddi monitorinq tələb edir. O hesab edir ki, növbəti illərdə oxşar artım tendensiyası davam edərsə, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və sosial siyasətlərin yenidən nəzərdən keçirilməsi zəruri olacaq.

Fatimə Nəbiyeva