Qlobal səhiyyə sektoru son illərdə ard-arda baş verən böhranların təsiri altında fəaliyyət göstərir. COVID-19 pandemiyası, silahlı münaqişələrin yaratdığı humanitar problemlər və yoluxucu xəstəliklərin yayılması milli səhiyyə sistemlərini ciddi sınaq qarşısında qoyub. Beynəlxalq inkişaf təşkilatları bu problemlərin həllində mühüm rol oynasa da, son dövrlərdə maliyyə çatışmazlığı sektorun fəaliyyətinə mənfi təsir göstərir.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, azırda Konqo Demokratik Respublikasında və Uqandada davam edən Ebola epidemiyası beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ötən ay beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edilən epidemiya humanitar təşkilatları və səhiyyə qurumlarını yüksək hazırlıq vəziyyətinə gətirib.
Mütəxəssislərin fikrincə, qlobal səhiyyə sahəsi 2025-ci ilin əvvəlindən etibarən daha böyük maliyyə təzyiqləri ilə üzləşib. Xüsusilə ABŞ administrasiyası və digər donor ölkələr tərəfindən beynəlxalq yardımların azaldılması bir sıra proqramların fəaliyyətinə təsir göstərib. Bu vəziyyət vərəm və HİV-lə mübarizə proqramlarında özünü daha qabarıq şəkildə göstərir.
Maliyyələşdirmə məsələsi bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasının əsas müzakirə mövzularından biri olub. Tədbirdə iştirak edən tərəflər qlobal səhiyyə proqramlarının davamlılığının təmin edilməsi və maliyyə mənbələrinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Ekspertlər hesab edirlər ki, mövcud çağırışlara baxmayaraq, qlobal səhiyyə sahəsində peşəkar məsləhətçilərə və ekspertlərə ehtiyac davam edir. Xüsusilə epidemiyalarla mübarizə, səhiyyə sistemlərinin gücləndirilməsi və humanitar proqramların idarə olunması istiqamətlərində yeni imkanlar yaranmaqdadır.
Piranə Xasiyeva






