ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Donald Tramp administrasiyası Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasına qarşı mübarizəni koordinasiya etmək üçün xüsusi nümayəndə təyin etməyi nəzərdən keçirir.
QHT.az xarici mediaya istinadən bildirir ki, Rubio bu barədə ABŞ Konqresində Prezident Donald Trampın 2027-ci maliyyə ili üzrə xarici siyasət büdcə layihəsinə həsr olunmuş iki günlük dinləmələrin ilk günündə məlumat verib.
Məsələ Konnektikut ştatını təmsil edən demokrat konqresmen Roza DeLauro tərəfindən qaldırılıb. O, 2014-cü ildə Qərbi Afrikada baş vermiş Ebola epidemiyası zamanı o dövrdə senator olan Marko Rubionun yazdığı məqaləyə istinad edib. Həmin məqalədə Rubio Barak Obama administrasiyasını Ebola ilə mübarizə üzrə yüksək vəzifəli məsul şəxs təyin etmədiyinə görə tənqid etmiş və bunu “bağışlanmaz” addım adlandırmışdı.
DeLauronun sualına cavab verən Rubio bildirib ki, hazırkı administrasiya da Ebola ilə mübarizənin daha səmərəli təşkili üçün xüsusi əlaqələndirici təyin olunması variantını nəzərdən keçirir.
Konqres dinləmələri zamanı Ebola epidemiyasına cavab tədbirləri ilə yanaşı, peyvəndlərin əlçatanlığını artıran Gavi alyansının maliyyələşdirilməsi və Tramp administrasiyasının digər xarici yardım prioritetləri də müzakirə olunub.
Qeyd edək ki, Konqo Demokratik Respublikası və Uqandada müşahidə olunan Ebola epidemiyası beynəlxalq səhiyyə qurumlarının diqqət mərkəzindədir və xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Piranə Xasiyeva






