ABŞ-ın Florida ştatında Qlobal Gücləndirmə Missiyası (GEM) adlı qeyri-hökumət təşkilatı Türkiyədə zəlzələdən zərər çəkənlər üçün 10 milyon dollar yardım toplayıb.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, QHT-nin başlatdığı yardım kampaniyası çərçivəsində tibbi ləvazimatlar, qida məhsulları və bu kimi məhsullar toplanıb.

Təşkilatın Məsləhət Şurasının üzvü, iş adamı Mübaşir Kazi hazırlanan yardım paketlərinin ən qısa zamanda Türkiyəyə çatdırılacağını bildirib. Pakistan əsilli sahibkar yardımların bir hissəsinin Türkiyənin Vaşinqtondakı səfirliyinin koordinasiyası ilə Türkiyəyə göndərildiyini və bütün yardımların 5-10 gün ərzində çatdırılmasının nəzərdə tutulduğunu deyib.

O, zəlzələnin səbəb olduğu dağıntı və insan itkisinə görə kədərləndiklərini qeyd edib: "Türkiyə böyük sevgi bəslədiyim bir ölkədir. Baş verənlər mənim üçün asan bir şey deyil. Necə hiss etdiyimi sözlə ifadə edə bilmirəm".

M.Kazi yardımların göndərilməsi işinin koordinasiya olunmasında göstərilən dəstəyə görə Türkiyə rəsmilərinə təşəkkür edib.

Lalə Salmanova