“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova ilə reproduktiv sağlamlıq haqqında söhbət etdik. QHT.az QHT sədrindən aldığı müsahibəni təqdim edir.

 

- Cəmiyyətdə reproduktiv sağlamlığın artırılması üçün nə etmək olar?

 

- Reproduktiv sağlamlıq dedikdə, əsasən, nəsil artımı qabiliyətinin mövcudluğu nəzərdə tutulur. Bu anlayış insanın fiziki, əqli və sosial rifahının seksuallıqla əlaqəli vəziyyətini ifadə edir. Düşünürəm ki, cəmiyyətdə reproduktiv sağlamlığın artırılması üçün, ilk növbədə, bu anlayışa sağlam düşüncə ilə, tam ciddiliklə yanaşmaq lazımdır. Məhz sağlam həyat tərzi, əxlaqi dəyərlərin toxunulmazlığı, ailə institutunun möhkəmləndirilməsi və bir çox digər amillər reproduktiv sağlamlığın təmin olunmasında başlıca şərtdir. İlk növbədə bu sahədə maarifləndirmə işinə xüsusi önəm verilməlidir. Təəssüf ki, cəmiyyətimiz reproduktiv sağlamlıqla bağlı açıq söhbətə hələ də hazır deyil.

 

- Cinsi sağlamlıq haqqında geniş yayılmış dezinformasiya ilə mübarizə aparmaq üçün hansı üsulları tətbiq etmək olar?

 

- Cinsi sağlamlıq haqqında geniş yayılmış dezinformasiya ilə mübarizə aparmaq üçün bir çox üsullar tətbiq oluna bilər. Məlumdur ki, ən çox yeniyetmələr bu cür dezinformasiyanın qurbanına çevrilirlər. Elmi baxımdan əsaslandırılmış məlumatlara böyük ehtiyacı olan gənc nəsil kütləvi-informasiya vasitələri, sosial şəbəkələr “sayəsində” daha çox uğursuz ailələr, cinsi azlıqlar, yüngül həyat tərzi keçirən ünsürlər barədə informasiyanı “həzm” etməli olur. Bəs nə etməli? Üsullar çoxdur. Sadəcə bu üsullardan düzgün və dolğun istifadə olunmalıdır. Xüsusilə də məktəb psixoloqları bu istiqamətdə mütləq qaydada təlimatlandırılmalıdırlar. Televiziya efirində gənclər üçün xüsusi verilişlər təqdim olunmalı, təhsil müəssisələrində mütəxəssislərlə mütəmadi söhbətlər təşkil olunmalı, yeniyetmələr üçün xüsusi çap məhsulları tərtib edilməli və yayımlanmalıdır. Vətəndaş cəmiyyəti təmsilçiləri də bu istiqamətdə fəaliyyətlərini təkmilləşdirməlidirlər.

 

 - Reproduktiv sağlamlıq xidmətlərinin genişləndirilməsi üçün hansı üsulları dəstəkləyirsiniz?

 

- Reproduktiv sağlamlıq xidmətlərinin genişləndirilməsi üçün bütün mümkün üsullar dəstəklənməlidir. Milli-mənəvi, əxlaqi dəyərlərə xələl gətirməyən, ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edən, sağlam həyat tərzini təbliğ edən hər bir üsul, hər bir addım ailə institutunun ümumbəşəri miqyasda böhranla üzləşdiyi müasir dövrdə olduqca önəmlidir.

 

- Cəmiyyətdə reproduktiv sağlamlıq necə tədris olunur?

 

- Sualının qoyuluşu ilə razılaşa bilmərəm. Çünki tədris – bütövlükdə cəmiyyətdə deyil, müəyyən müəssisələrdə, daha dəqiq desəm, məktəb və universitetlərdə, digər təhsil ocaqlarında həyata keçirilən prosesdir. Burada “tədris” əvəzinə “təbliğ” sözünün işlədilməsi, məncə, daha düzgün olardı. Cavabı da bəllidir: yaxşı təbliğ olunmur.

 

-Maarifləndirmək baxımından qadın hüquqları prizmasından danışa bilərsiniz?

 

- Qadın hüquqlarının qorunması müasir cəmiyyətdə müzakirə olunan ən aktual problemlərdən biridir. Bu problem reproduktiv sağlamlıq məsələləri ilə sıx bağlıdır. Yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işi məhz hər iki problemin həlli üzərində qurularsa, daha effektli ola bilər. Bu sahədə həm KİV, xüsusilə də televiziya, həm sosial media, həm də vətəndaş cəmiyyətini təmsil edən qurumlar öz sözünü deməlidir. Reproduktiv sağlamlıq insan kapitalının ümumi sağlamlığının ayrılmaz tərkib hissəsidir. Ona laqeyd yanaşmaqla gələcəyimizi təhlükə ilə üzləşdirə bilərik.

 

- Sağlam gələcəyi necə qurmaq olar?

 

- Sağlam gələcəyi yalnız sağlam düşüncə, sağlam həyat tərzi ilə və sağlam nəsil yetişdirməklə qurmaq olar.

 

 

Pərvanə Fərhadqızı