Elçin Muxtarlı

Azərbaycan üzrə Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri

Avropa üzrə Vərəm əleyhinə Koalisiyanin nümayəndəsi

Sağlamlığa Xidmət İctimai Birliyinin sədri

 

Bu il, sentyabr ayının 26-da Nyu-York şəhərində keçiriləcək BMT-nin baş Assembleyasının yüksək səviyyəli toplantısı dünyada VƏRƏM epidemiyasına həsr olunur. 

 

Toplantıya bütün ölkələrin dövlət başçıları dəvət olunub. VƏRƏM hava vasitəsilə ötürülən yoluxucu xəstəlik olsa da, o xəstəliyə hər kəs tutulmur. Xəstəlik o vaxt baş qaldırır ki, insanın immun sistemi zəifləyir, İmmun sisteminin zəif olması da bir çox səbəbdən ola bilir. O səbəblərdən biri də düzgün qidalanmama, yaxud kasıbçılıq üzündən zəif qidalanma və tərkibi zülal və vitaminlərlə zəngin olan ərzaqlardan istifadə etməmək, stressli həyat tərzi və s. səbəb ola bilər. 

 

İndi keçək mətləbə:

Mən ömrümün iyirmi ilini vərəmlə mübarizəyə həsr etmişəm. Bir vətəndaş cəmiyyətini təmsil edən şəxs kimi daima vərəm xəstəliyinə tutulmuş insanların yanında olmuşam və bu illər ərzində onların nə səbəbdən xəstələndikləri ilə həmişə maraqlanmışam.

 

Aydın olub ki, əksər hallarda xəstələnməyə səbəb məhz şəxsin sosial vəziyyəti, imkansızlığı, rütubətli, şəraitsiz yerdə yaşamağı,boğazından kəsib, kirayə pulunu güclə düzəldib verdiyi şəraitsiz bir evdə yaşaması kimi sosial mənşəli səbəblər olmuşdur.

 

Elə aşağıdakı fotoda gördüyünüz, Kənan adlı xəstə də vərəmin dərmanlara davamlı forması ilə xəstələnib. öncə anası xəstələnib və bir müddət sonra vəfat edib. hal-hazırda bacısı da bu xəstəlikdən əziyyət çəkir. Kənangil də kirayə evdə bir qarın ac, bir qarın tox birtəhər yaşayırlar, imkansızlıqdan xəstəlik günbə gün daha sürətlə inkişaf edir. 

 

Səhiyyə, sosial müdafiə qurumlarında çalışan bəzi məmurlara üzümü tutub demək istəyirəm ki, bəsdir vərəm xəstəliyi ilə bağlı real vəziyyəti təkzib etdiniz. 

 

Azərbaycan dünyanın dərmana davamlı vərəmin ən çox yayıldığı 30 ölkə sırarasındadır. (hələ, bu sizin təqdim etdiyiniz rəqəmlər əsasındadır) rayonlarda, kəndlərdə vərəm baş alıb gedir. 

 

Səhiyyənin vərəm kimi yoluxucu xəstəliklərə biganə münasibəti ölkədə ciddi vərəm epidemiyasına gətirib çıxaracaqdır!