Cəmiyyətin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a özəl açıqlamasında Qarabağ bölgəsində universitet filiallarının yaradılmasının əhəmiyyətindən danışıb. O, QHT.az-a açıqlamasında bu addımın iqtisadi, sosial və məskunlaşma baxımından müsbət nəticələr verə biləcəyini vurğulayıb.
QHT sədrinin fikrincə, Qarabağda gənclərin yeni peşələrə və ixtisaslara yiyələnməsi, peşəkar kadr kimi yetişməsi bu ərazilərdə iş imkanlarının artırılmasına kömək edəcək. O bildirib ki, 30 il işğal altında olan torpaqların məskunlaşdırılması ağır və uzunmüddətli bir prosesdir, ancaq artıq 4 ildir abadlıq və tikinti işləri davam etdirilir.
Əhməd Abbasbəyli həmçinin qeyd edib ki, təkcə universitetlərin deyil, dövlət orqanlarının da Qarabağa köçürülməsi məqsədəuyğun olardı. Dünyada buna bənzər təcrübələrin mövcud olduğunu bildirən Abbasbəyli, bu addımın iqtisadi inkişaf və şəhərsalma baxımından müsbət nəticələr verəcəyini vurğulayıb. "Böyük şirkətlərin və təhsil müəssisələrinin Bakıda yerləşməsi şəhərin yüklənməsinə səbəb olur, onların kiçik şəhərlərə köçürülməsi həm urbanizasiya, həm də bərabər məskunlaşma baxımından demokratik inkişafı təmin edə bilər," - deyə o qeyd edib.
Pərvanə Fərhadqızı
QHT.az










