Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az –a bildirib ki, cari hesabat dövründə (01.01.2023- 31.12.2023) ümumilikdə 374 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət etmişdir.
Onun sözlərinə görə, xidmətlərdən yararlanmaq üçün müraciət edən 374 nəfərdən 178 nəfərə yalnız hüquqi xidmət, 116 nəfərə yalnız psixoloji xidmət göstərilmişdir: “Müraciət edən benefesiarlardan 80 nəfərə həm psixoloji, həm də hüquqi xidmət göstərilmişdir. Müraciət edən şəxslərin, hansı ki, 374 nəfərin siyahısına daxil olmayan qohumları, övladları olan 62 azyaşlı uşaq davamlı psixoloji yardım almışdır”.
Qeyd edək ki, hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin (problemlər) məzmununa daxildir:
1. Maliyyə məsələləri – 14 müraciət;
2. Sosial problemlər – 30 müraciət;
3. Əmlak-mülkiyyət hüququ – 14 müraciət;
4. Boşanma (nigahın ləğvi) və himayəçilik məsələləri – 24 müraciət;
5. Əmək hüququ – 11 müraciət;
6. Aliment hüququ –27 müraciət;
7. Məişət zorakılığı – 27 müraciət;
8. Seksual zorakılıq qurbanları – 9 müraciət;
9. Vərəsəlik hüququ – 5 müraciət;
10. Pensiya hüququ – 17 müraciət.
Cari hesabat dövründə müraciət edənlərin ərazi üzrə təsnifatı belə qeyd olunur:
Xaçmaz şəhəri 19 müraciət;
Xızı rayonu 18 müraciət;
Bakı şəhəri 22 müraciət;
Abşeron rayonu 34 müraciət;
Qusar rayonu 26 müraciət;
Qalan müraciətlər Sumqayıt şəhərindən olmuşdur.
Zenfira Mustafayeva qeyd edib ki, məişət zorakılğından zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Polis İdarəsi ilə birlikdə ailədaxili zorakılığa məruz qalmış şəxslərə ilkin dəstək göstərilmiş, həmin şəxslər hüquqi, psixoloji, tibbi və sosial xidmətlərlə təmin ediliblər: “Onların hüquqları Məhkəmə proseslərində müdafiə edilib, müxtəlif instansiyalara ərizə və şikayətlərin yazılması, ehtiyac olduqda uzunmüddütli mühafizə orderləri üçün Məhkəməyə müraciət olunubdur. Bu il ərzində zorakılığa məruz qalmış 38 qadın, onlardan 8 nəfəri insan alverinin qurbanı olub, 3 aylıq komputer, mühasiblik, biznesin qurulması və sair mövzular üzrə kurslara cəlb olunublar. Bu kursları müvəffəqiyyətlə bitirən 4 nəfər xanım xarici ölkəyə təcrübə proqramı keçmək üçün göndərilib. Kursu bitirmiş qadınların 12 nəfəri Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə müxtəlif işlərlə təmin olunublar”.
Qeyd edək ki, media işçilərinin maarifləndirilməsi istiqamətində 4 təlim təşkil olunub. Sumqayıt şəhərində 24 məktəbdə, 3 kollecdə, Sumqayıt Dövlət Universitetində, Heydər Əliyev Mərkəzində, Sumqayıt Şəhər Tarix Muzeyində, Sumqayıt Gənclər Evində, Xızı Rayon Heydər Əliyev Mərkəzində, Şabranda və s. təlim, seminar və məlumatlandırma sessiyaları keçirilib. Ofisimizdə bu il ərzində 8 təlim təşkil olunub. Dünya Tv kanalında mövzu ətrafında 10 veriliş yayımlanıb.
Pərvanə Fərhadqızı












