Yeni tədris ilinin başlanğıcındayıq. Hər il ölkəmizdə qız övladlarımızın maariflənməsi, təhsilə cəlb edilməsi ilə bağlı bir çox təlimlər, aksiyalar həyata keçirilir.
QHT.az xəbər verir ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, bu günlərdə Gəncə şəhərində yaşayan, Vətən müharibəsində iştirak etmiş, yaralanmış və hazırda dializ xəstəsi olan qəhrəman hərbçimizin qız övladının Türkiyə Cumhuriyyətində tibb təhsili ilə bağlı illik ödənişlərini ödəməkdə çətinlik çəkdiyini öyrəndik: “Ölkəmizin dəyərli Vətən övladlarının dəstəyi ilə qazimizin övladının təhsil ödənişini müvəqqəti olaraq həll etdik. Lakin məncə, bu gələcək üçün problemin həlli yolu deyil. Həssas qrupdan olan qazi övladları üçün də təhsil güzəştlərinin tətbiqi məsələsinə çalışmalıyıq. Bu sahədə sosial layihələr icra oluna bilər. Təhsil haqqının ödənişinin yarısı qarşılana bilər”.
Birliyin sədri həmçinin bildirib ki, bu ölkənin kifayət qədər gəlir gətirən holdinqləri var, bu layihələrə cəlb olunmalıdır: “Qazilərimizin arasında sağlamlığı bir daha bərpa olunmayacaq qəhrəmanlarımız var. Bu barədə qərarlar qəbul etməliyik. Hər qəhrəman övladı güvənli böyüməlidir”.
Pərvanə Fərhadqızı










