Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Məhərrəm Seyidov 1952-ci ilin bu günü Şərur rayonunun Alışar kəndində anadan olub.

QHT.az xəbər verir ki, hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başlayan Məhərrəm Seyidov Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirdikdən sonra isə Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışmağa başlayıb. O, 1990-cı ilin 19 yanvar tarixində erməni silahlı qüvvələrinin Sədərək rayonunun Kərki kəndinə hücumu zamanı son nəfəsinədək vuruşaraq qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə kapitan Məhərrəm Mirəziz oğlu Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı