QHT.az "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumovaya gənclərin təhsil və karyera inkişafını dəstəkləyən təşəbbüslər haqqında sual ünvanlayıb. Kəmalə Aşumovanın verdiyi məlumata görə, ölkədə gənclərin inkişafı üçün müxtəlif istiqamətlərdə çoxsaylı təşəbbüslər mövcuddur.

Bu təşəbbüslər arasında dövlət və özəl sektorda gənclərin müxtəlif istiqamətlərdə cəlb edilməsi, dövlətin gənclərə ideyalarını reallaşdırmaq üçün verdiyi dəstək, təhsil üçün təqaüd və beynəlxalq proqramların mövcudluğu kimi nümunələr var. Gənclər Fondu nəzdində fəaliyyət göstərən Karyera və İnkişaf Mərkəzləri də bu istiqamətdə önəmli rol oynayır, gənclərin təlimlərə və müxtəlif tədbirlərə cəlb edilməsi, layihələrin icrası və karyera inkişafında mühüm töhfələr verir.

Bundan əlavə, gənclərin inkişafı üçün müxtəlif mentorluq proqramları, gənclər təşkilatlarının fəaliyyəti, peşə axtarışı və işə hazırlıq prosesləri də bu təşəbbüslərin tərkib hissəsidir. Sosial Məşğulluq Agentliyi tərəfindən təşkil edilən əmək yarmarkaları da gənclərin şirkətlərlə əməkdaşlıq qurmasında və gələcək karyeralarını inkişaf etdirməsində əhəmiyyətli rol oynayır.

Kəmalə Aşumova qeyd edir ki, ölkədə gənclərin inkişafı üçün kifayət qədər təşəbbüslər mövcuddur və bu istiqamətdə məlumatlılıq artırılmalıdır. Müxtəlif qurumların saytlarına daxil olaraq gənclər bu imkanlarla tanış ola bilərlər.

 

Pərvanə Fərhadqızı

QHT.az