Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onlarıın valideynləri arasında maarifləndirmə işinin təşkiliylə bağlı layihənin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova məlumat verib. Onun sözlərinə görə, “Erkən nikahın fəsadları” adlı həyata keçirilən layihə Saatlı, Sabirabad və Goranboy rayonlarında avqust ayında seminarların təşkili ilə davam etsə də, aparılan maarifləndirmə işləri sosial media və sosial şəbəkələr vasitəsilə respublika ərazisini əhatə edir.
Layihənin əsas məqsədi yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb və ya məcbur edilmələrinin, həmçinin erkən evlilikdən yaranan fəsadların başvermə səbəblərinin araşdırılması, üzə çıxarılması, qızların təhsildən kənarda qalmalarının qarşısının alınması məqsədilə valideynlər və qızların birgə maarifləndirilməsi işinin təşkilindən ibarətdir.
Birlikdən verilən məlumata görə, layihənin məqsədindən irəli gələrək aparılan maarifləndirmə işlərinin effektivliyini və daha geniş ictimaiyyəti əhatə etməsi məqsədilə layihə çərçivəsində sosial çarx hazırlanıb. Sosial çarx yuxarıda adıçəkilən rayonlarda avqust ayında keçiriləcək seminarlarda iştirakçılara nümayiş etdiriləcək, eyni zamanda sosial media və sosial şəbəkələr vasitəsilə cəmiyyətə təqdim olunacaq.
Layihənin icrası davam edir.










