Avqustun 5-də Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə “QHT sektorunda rəqəmsallaşmavə innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, QHT-lər kağız sənəd dövriyyəsindən tam imtina edərək rəqəmsal idarəetməyə keçməlidir: “Artıq biz kağız sənəd dövriyyəsindən imtina etməliyik. Bizim gücləndirilmiş imza sistemimiz var”.

O qeyd edib ki, yeni çoxdilli platforma təşkilatın bütün əsas fəaliyyətlərini rəqəmsallaşdıracaq: “Yaxın bir həftə ərzində bizim yeni saytımız üç dildə istifadəyə veriləcək və orada demək olar ki, müxtəlif fəaliyyətlər, üzvlərin anketlərindən tutmuş hamısı rəqəmsallaşdırılıb”.

Z. İbrahimlinin sözlərinə görə, üzvlərlə bağlı sənədlərin çap olunmasına artıq ehtiyac qalmayacaq: “Yəni artıq sizin üzvlərin anketini çap edib şkafa qoymağa ehtiyacınız yoxdur.
Yəni siz istənilən məsələdə, idarə heyətinin iclaslarını tutmuş, ümumiyyətlə yığıncağa qədər hər bir şeyi hazırlayıb rəqəmsallaşdırmalıyıq”.

O vurğulayıb ki, rəqəmsallaşma ilk növbədə daxili proseslərin kağızsız idarə edilməsindən başlamalıdır: “Yəni biz rəqəmsallaşma deyəndə, birinci baxmalıyıq ki, biz özümüz burada nə edə bilərik, özümüzə nə fayda verə bilərik. Biz kağızsız dövriyyəsindən imtina edə bilirik. Əvvəl bunu edə bilmirdik. Çünki bizim rəqəmsal imza məsələsi çox çətin idi. İndi isə artıq SİMA olduğuna görə rahat şəkildə bunu edə bilərik”.

Zaur İbrahimli bildirib ki, daxili idarəetmə, layihələrin icrası və müqavilə prosesləri tam rəqəmsallaşdırılmalıdır: “Biz bütün daxili idarəetmə sistemimizi, hətta mən təklif edirəm ki, ikinci istiqamət olaraq layihələrin rəqəmsal idarə edilməsi və rəqəmsal icrasını da tətbiq edək. Mən yenə təklif edirəm ki, yəqin ki, növbəti ildən başlayaraq müqavilələri rəqəmsal bağlayaq. Fiziki şəxslərlə və ekspertlərlə artıq kağız dövriyyəsindən imtina edək. Həm dövlətə, həm də özümüzə fayda verək.

Bir də daxili idarəetməmizi və layihə idarəetməmizi tam rəqəmsallaşdıraq”.

O qeyd edib ki, layihələrin rəqəmsal icrası ən vacib istiqamətlərdən biri hesab edilməlidir: “Məsələlərdən biri layihələrin rəqəmsal icrasıdır. İdarəetmə ilə icranı qarışdırmıram. Layihə idarəetməsi odur ki, siz müqavilələr bağlayırsınız, ekspertlərlə müqavilələr bağlayırsınız, materiallar hazırdır”.

Z. İbrahimlinin sözlərinə görə, müasir texnologiyalar bir çox fəaliyyətlərin onlayn formada həyata keçirilməsinə imkan yaradır: “Amma rəqəmsal layihələr nədir? Mən düşünürəm ki, bizim artıq bir çox fəaliyyətləri fiziki həyata keçirməyimizə ehtiyac qalmır. İndiki texnologiyalar imkan verir ki, biz artıq info-sessiyaları da bu istiqamətdə təşkil edək. Bir çox məsələlər üçün fiziki tədbirlər keçirməyə elə bir ehtiyac yoxdur. İndiki texnologiyalar imkan verir ki, biz bunları rəqəmsallaşdıraq”.

O bildirib ki, ictimai dinləmələrin rəqəmsal formatda keçirilməsi uğurlu nəticələr verir: “Mən öz təcrübəmdən deyirəm ki, bir neçə qeyri-hökumət təşkilatına konsultasiya vermişəm və bunlardan bir neçəsində uğurlu nəticələr olub. Məsələn, ictimai dinləmələrin rəqəmsal simulyasiyası və keçirilməsi. Yəni biz ictimai dinləmələri artıq bir çox hallarda fiziki keçirməyə ehtiyac duymuruq. Bunu çox rahat şəkildə onlayn keçirə bilirik və bunun üçün artıq alətlər də mövcuddur”.

Zaur İbrahimli vurğulayıb ki, rəqəmsal imzalanan onlayn ictimai dinləmələr hüquqi baxımdan fiziki tədbirlərlə eyni qüvvəyə malikdir: “İndiki qanunvericilik də imkan verir ki, həmin onlayn keçirdiyimiz ictimai dinləmələrin nəticəsində qəbul etdiyimiz yekun sənəd rəqəmsal imzalansın və fiziki keçirilən tədbirlə eyni hüquqi qüvvəyə malik olsun. Yəni rəqəmsal icra olduqca vacibdir”.

O qeyd edib ki, QHT-lərin təqdim etdiyi xidmətlər də rəqəmsal formata keçməlidir: “Üçüncü, mən düşünürəm ki, bu ən mühüm məsələlərdən biridir, bəlkə də ikinci ən mühüm məsələdir — rəqəmsal xidmətlərin göstərilməsi. Qeyri-hökumət təşkilatlarının göstərdikləri xidmətlər də rəqəmsallaşmalıdır”.

Z. İbrahimlinin sözlərinə görə, sosial şəbəkələr dövründə rəqəmsal xidmətlər daha səmərəli vasitəyə çevrilib: “Rəqəmsal xidmətlər olduqca vacibdir. Biz nəzərə almalıyıq ki, sosial şəbəkələr və smartfonlar dövründə fiziki olaraq insanları toplamaq çox çətindir. Onlara hansısa məlumatı vermək də çətindir. Rəqəmsal xidmətlər göstərmək lazımdır”.

O bildirib ki, vətəndaş cəmiyyəti rəqəmsal dövlət siyasətinin hazırlanması və icrasında fəal rol oynayır: “Növbəti istiqamət də konkret istiqamətdir. Biz hazırda Azərbaycan hökumətinin həyata keçirdiyi rəqəmsal siyasətin hazırlanmasına, icrasına və monitorinqinə iştirak edirik. Bununla bağlı biz çox aktiv işləyirik. Mən düşünürəm ki, biz orada çox böyük fayda verə bilərik”.

Zaur İbrahimli qeyd edib ki, rəqəmsal iştirakçılıq ictimai şuralar üçün yeni imkanlar yaradır: _“Üçüncü istiqamət rəqəmsal iştirakçılıqdır. Burada rəqəmsal iştirakçılıq indiyə qədər ictimai şuralar üçün problem olan bir çox məsələləri fürsətə çevirmək imkanı yaradır.

Yəni ictimai şuralar indiki rəqəmsal imkanlardan daha yaxşı və daha geniş istifadə edə bilərlər. Hətta maliyyə olmadıqda belə bundan istifadə edə bilərlər. Onlar indiki elektron hökumət platformasının ən aktiv istifadəçiləri ola bilərlər”.

O vurğulayıb ki, rəqəmsal alətlər vətəndaş cəmiyyətinin təşəbbüslərinin geniş yayılmasını asanlaşdırır: “Biz vətəndaş cəmiyyəti olaraq hazırda imza qoymadan hər hansı bir məsələni ölkə miqyasında kütləviləşdirmək demək olar ki, qeyri-mümkündür”.

Z. İbrahimlinin sözlərinə görə, növbəti QHT Forumunda süni intellekt mövzusu ayrıca müzakirə edilməlidir: “Bir də sonuncu məsələ süni intellektlə bağlıdır. Mən düşünürəm ki, növbəti QHT Forumunda sessiyaların biri süni intellektə həsr olunmalıdır”.