Sentyabr ayında qeyri-hökumət təşkilatları üçün müxtəlif sahələri əhatə edən yeni qrant və maliyyələşmə imkanları açıqlanıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, African NGO Fundraising Hub sentyabr ayı üzrə QHT-lər, qeyri-kommersiya təşkilatları və vətəndaş cəmiyyəti qurumları üçün mövcud maliyyələşmə imkanlarını bir araya gətirib.

Siyahıda səhiyyə, iqlim dəyişikliyi, qadın hüquqları, vətəndaş cəmiyyəti, kənd təsərrüfatı, su və sanitariya, araşdırma və digər istiqamətlər üzrə qrant proqramları yer alıb.

Məsələn, Civil Society Catalytic Funding proqramı siyasət və maliyyələşmə qərarlarına təsir göstərmək istəyən QHT-ləri dəstəkləyir. Proqram çərçivəsində 10 QHT-nin hər birinə 10 min ABŞ dolları maliyyə ayrılması nəzərdə tutulub.

Bundan başqa, Global South Civil Society Microgrants proqramı Qlobal Cənub ölkələrində vətəndaş iştirakını dəstəkləyən layihələr üçün 2-4 min ABŞ dolları məbləğində mikroqrantlar təqdim edir.

Sentyabr üzrə siyahıda GEF Small Grants Programme Civil Society Organisation Challenge proqramı da yer alıb. QHT-lərin innovativ ekoloji həllərin genişləndirilməsi və tətbiqinə yönəlmiş layihələri üçün proqram çərçivəsində 300 min ABŞ dollarınadək dəstək nəzərdə tutulur.

Məlumata görə, maliyyələşmə imkanlarının müraciət tarixləri proqramdan asılı olaraq sentyabr ayında müxtəlif günlərə təsadüf edir.