QHT-lərin idarəetmə və liderlik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Kambocanın paytaxtı Phnom Penhdə beynəlxalq təlim keçirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Civil Society Academy International tərəfindən təşkil olunan “Leadership & Management for NGOs” adlı dördgünlük təlim sentyabrın 7-dən 10-dək keçirilib.
Təlimdə qeyri-hökumət təşkilatlarının hazırkı və gələcək rəhbərləri, proqram və layihə menecerləri, komanda rəhbərləri və müxtəlif şöbələrin rəhbərləri üçün liderlik və komanda idarəçiliyi bacarıqlarının gücləndirilməsi nəzərdə tutulub.
Proqram çərçivəsində liderlik dəyərləri, özünüidarəetmə, komandaların effektiv idarə olunması, əməkdaşlar arasında etimadın yaradılması, münaqişələrin həlli, fəaliyyətin qiymətləndirilməsi və əməkdaşların motivasiyası kimi məsələlərə diqqət yetirilib.
Təlimin əsas istiqamətlərindən biri də QHT rəhbərlərinin kouçinq bacarıqlarının inkişaf etdirilməsi olub. İştirakçılar gündəlik iş prosesində komanda üzvləri ilə daha effektiv ünsiyyət qurmaq və onların inkişafını dəstəkləmək üçün praktiki alətlər əldə ediblər.
Civil Society Academy International bildirir ki, bu cür proqramlar QHT-lərin daha dayanıqlı və səmərəli fəaliyyət göstərməsinə, eləcə də mürəkkəb şəraitdə komandaların daha effektiv idarə olunmasına kömək edir.












