Sosial medianın mümkün zərərləri barədə yayımlanan sağlamlıq xəbərdarlıqları gənclərin bu platformalarda keçirdiyi vaxtı azaltmağa kömək edə bilər.

QHT.az xəbər verir ki, “Euronews”un məlumatına görə, yeni araşdırmada sosial media istifadəsi zamanı açılan xəbərdarlıq pəncərələrinin gənclərin platformalardan istifadəyə münasibətinə təsiri araşdırılıb. Tədqiqatçılar alkoqol və tütün məhsullarında olduğu kimi, sosial medianın da mümkün riskləri barədə istifadəçilərə xəbərdarlıq edilməsini təklif edirlər.

“JAMA Health Forum”da dərc olunan araşdırmada 13–29 yaş aralığında mindən çox gənc sosial media lentində müxtəlif sağlamlıq xəbərdarlıqları ilə qarşılaşıb. Ümumilikdə altı mövzu üzrə 14 xəbərdarlıqdan istifadə olunub.

Xəbərdarlıqlarda sosial medianın depressiya, narahatlıq, mənfi bədən qavrayışı, yuxu problemləri və asılılıqla əlaqəsi barədə məlumat verilib. Həmçinin sosial medianın uşaqlar və gənclər üçün təhlükəsiz olduğunun sübut edilmədiyi vurğulanıb.

Araşdırmanın nəticələrinə görə, xəbərdarlıqlar gənclərin sosial medianın mümkün zərərləri barədə məlumatlılığını artırıb və platformalardan istifadə istəyini azaltmağa kömək edib.

Tədqiqatçılar bildiriblər ki, ən təsirli mesajlar sosial medianın depressiya və narahatlıq kimi psixi sağlamlıq problemləri ilə əlaqəsinə diqqət çəkən xəbərdarlıqlar olub.