Bir sıra qeyri-hökumət təşkilatları BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında Tinduf düşərgələrində insan hüquqlarının qorunması üçün nəzarət mexanizmlərinin gücləndirilməsini tələb ediblər. QHT-lər BMT qurumlarının bu ərazilərə müntəzəm və maneəsiz giriş əldə etməsinin vacib olduğunu bildiriblər.

QHT.az xarici mediaya istinadən bildirir ki, Afrika İnkişaf, İdarəetmə və İnsan Hüquqları Şəbəkəsinin nümayəndəsi Mahmud Zidan Tinduf düşərgələrində ciddi pozuntuların baş verdiyini iddia edib. O, özünü Polisario tərəfindən saxlanılmış keçmiş məhbus kimi təqdim edərək dörd aydan çox müddətdə oğurlandığını, məcburi şəkildə yoxa çıxarıldığını, psixoloji və fiziki işgəncələrə məruz qaldığını bildirib.

Zidan sosial şəbəkələrdə Səhravi mülki şəxslərə qarşı pozuntuları tənqid etdiyinə görə sonradan düşərgələri tərk etməyə məcbur qaldığını deyib. O, düşərgələrdə rəsmi əhali siyahısının aparılmamasını da tənqid edərək beynəlxalq hüquqa əsasən ev sahibi dövlətin ərazisində insan hüquqlarının qorunmasına görə məsuliyyət daşıdığını vurğulayıb.

Digər QHT-lər də düşərgələrdə vəziyyətlə bağlı narahatlıq ifadə edərək müstəqil monitorinq mexanizmlərinin yaradılmasını, xüsusilə uşaqlar və digər həssas qrupların daha yaxşı qorunmasını tələb ediblər. Təşkilatlar həmçinin əhalinin şəffaf siyahıya alınmasını və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına düşərgələrə müntəzəm və maneəsiz giriş verilməsini vacib hesab ediblər.

Fatimə Nəbiyeva