Dünyada silahlı münaqişələr fonunda təhsil müəssisələrinə və təhsil işçilərinə qarşı hücumların sayı kəskin artıb.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Təhsili Hücumlardan Qoruma üzrə Qlobal Koalisiya (GCPEA) 9 sentyabr 2026-cı ildə “Education Under Attack 2026” hesabatındakı məlumatları yeniləyib.

Koalisiyanın yenilənmiş məlumatlarına əsasən, 2024–2025-ci illərdə 83 ölkədə təhsilə qarşı hücumlarla bağlı məlumatlar qeydə alınıb. Hesabatda araşdırılan 28 ölkə üzrə isə ümumilikdə ən azı 9 259 təhsilə hücum müəyyən edilib. Bu göstərici 2022–2023-cü illərlə müqayisədə 50 faizdən çox artım deməkdir.

Hücumlar nəticəsində ən azı 10 600 şagird, müəllim, professor və digər təhsil işçisi öldürülüb, yaralanıb, oğurlanıb və ya digər formalarda zərər çəkib.

Ən geniş yayılmış hücum forması məktəblərə qarşı hücumlar olub. Belə hadisələrin sayı 3 600-dən çoxdur.

GCPEA-nın məlumatına görə, təhsil müəssisələrinə qarşı hücumlarda partlayıcı silahlardan və dronlardan istifadə də ciddi problem olaraq qalır. 2024–2025-ci illərdə ən azı 1 200 hücumda yaşayış məntəqələrində partlayıcı silahlardan istifadə edildiyi müəyyənləşdirilib.

Koalisiya həmçinin 2024–2025-ci illərdə təhsil müəssisələrinin və universitetlərin hərbi məqsədlərlə istifadəsinin 2 100-dən çox hadisəyə çatdığını bildirib.

Təşkilat dövlətləri və beynəlxalq ictimaiyyəti məktəblərin hərbi məqsədlərlə istifadəsinin qarşısını almağa, təhsil müəssisələrinin təhlükəsizliyini gücləndirməyə və erkən xəbərdarlıq mexanizmlərinə daha çox vəsait ayırmağa çağırıb.

GCPEA qeyd edir ki, təhlükəsiz təhsilin təmin edilməsi üçün yerli icmaların, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların əməkdaşlığı mühüm əhəmiyyət daşıyır.