Uşaqların xüsusilə bağça və məktəb illərində tez-tez xəstələnməsi normal hesab olunur. Lakin infeksiyaların çox sıx təkrarlanması, uzun müddət davam etməsi və ya ağır keçməsi zamanı əsas səbəblər araşdırılmalıdır.

QHT.az İHA-ya istinadən xəbər verir ki, pediatr Dr. Filiz Gebəşoğlu uşaqlarda təkrarlanan infeksiyalarla bağlı valideynlərə xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, məktəbəqədər və məktəb dövründə uşaqlarda qızdırma, öskürək və burun axıntısı kimi simptomlarla müşayiət olunan infeksiyalara tez-tez rast gəlinir.

Gebeşoğlu bildirib ki, hər infeksiya uşağın immun sisteminin zəif olması anlamına gəlmir. Bu yaşlarda immun sisteminin hələ inkişaf mərhələsində olması səbəbindən uşaqlar infeksiyalara daha çox məruz qala bilərlər.

Pediatr xüsusilə məktəbəqədər dövrdə uşağın ildə 8-10 dəfə yuxarı tənəffüs yolu infeksiyasına yoluxmasının, digər ciddi əlamətlər olmadığı halda, təkbaşına narahatlıq yaratmamalı olduğunu qeyd edib.

Bununla belə, xəstəliklərin tezliyindən daha çox necə keçdiyinə diqqət yetirmək vacibdir. İnfeksiyaların uzun müddət davam etməsi, ağırlaşması, təkrar-təkrar antibiotik istifadəsinə ehtiyac yaranması və ya uşağın ümumi vəziyyətinin ciddi şəkildə pisləşməsi zamanı həkim müayinəsi tövsiyə olunur.

Mütəxəssislər valideynlərə uşağın qidalanmasına, yuxu rejiminə və gigiyena qaydalarına diqqət yetirməyi, davamlı və ağır simptomlar müşahidə edildikdə isə pediatra müraciət etməyi məsləhət görürlər.