Azərbaycan telekanallarında bəzi siyasi ekspertlər Rusiyanın Ukraynadakı qələbəsindən danışır. Qərbə hiddətini bildirərək Rusiyanın işğal faktına haqq qazandırırlar.

“Günah həmin rus sevdalılarını analitik verilişlərə dəvət edən şəxslərdədir. Onların kimin maraqlarına xidmət etdiyini bilmirik. Belə fikirlər ictimai fikirdə yanlışlıq yaradır. Onu unutmaq olmaz ki, bu müharibədə Rusiya yalnız pirr qələbəsinbə nail ola bilər”.- bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az – a açıqlamasında bildirib. O, qeyd edib ki, bizdə antirus əhaval-ruhiyyəsi yoxdur: “Rus mədəniyyətini, ədəbiyyatını, poeziyasını, hətta rus qızlarını da sevirik. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Çox müsbət haldır dünyanın əsas aparıcı dövlətləri, xalqları həm öz hədəfləri naminə, həm də dünyanın maraqları çərçivəsində olsa da, bu gün Ukraynaya dəstəyini əsirgəmirlər. Nəticədə isə Ukrayna bütün itkilərə baxmayaraq, kifayət qədər toparlanıb və öz torpağını azad etməyə hazırdır. Hər zaman dualarımız haqqın yolunda olanlarladır”.

Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır. Birinci versiya ondan ibarətdir ki, bütün lazımı dəstəyi aldıqdan sonra Ukrayna ordusu öz torpaqlarını azad edərək bütün ölkə ərazisində konstitusion hüquqlarını bərqərar edəcək, işğala son qoyacaq. Birinci versiyanın bundan ibarət olduğunu deyən Əkrəm Bəydəmirli bildirib ki, Rusiya daxilində dəyişiklik olacağı ikinci versiya hesab edir: “Putin hansısa yolla aradan götürülür və nəhayət yeni hökümət danışıqlara başlayır. Üçüncü versiyaya əsasən onu ehtimal etmək olar ki, Rusiyada çox milyonlu xalq kütlələri müharibədən, itkilərdən, iqtisadi vəziyyətdən bezib ayağa qalxar. Və ölkənin faktiki rəhbərinə deyər: “Putin gedirsən bəhanəsiz get”. Təbii ki, Putini rahat şəkildə yola salmaq inandırıcı deyil. Lakin siyasətdə, idarəetmə sistemində heç kimin düşünmədiyi gözlənilməyən anlar, sürpriz dəyişiklər baş verə bilər. Hər halda yaşayarıq görərik. Ehtimalları artırmaq olar”.

Birliyinin sədri həmçinin vurğulayıb ki, zənnimcə Qərb Rusiyanın tamamilə dağılmasını istəmir, çünki bu imperiyanın çöküşü prosesin müsbət tərəfləri ilə bərabər regionda dağıdıcı qüvvələrin peyda olmasına gətirib çıxara bilər: “O baxımdam gücdən düşmüş, parçalanmış, uzun illər hərbi infrastrukturuna qadağa qoyulacaq və nəhayət tam asılı vəziyyətə düşən Rusiyanı görmək Qərbin hədəfləri ola bilər”.

 

 

Pərvanə Fərhadqızı