Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elsevər Paşayev 25 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, 1988-ci il iyulun 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 2002–2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Beş xarici dil bilən Elsevər Paşayev Əfqanıstanda xidmət edən Azərbaycan Sülhməramlılarının komandiri olub. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. Müxtəlif ölkələrdə xarici hərbçilərə hərbi təlimlər keçən mayor Elsevər Paşayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elsevər Paşayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!










