Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə, QHT.az-a verdiyi açıqlamada, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə birgə ərsəyə gətirdikləri "İrəvan - Torpağımız, Tariximiz, Taleyimiz" adlı fotoalbomun fransız dilinə tərcümə olunduğunu bildirib.
İradə Rizazadə qeyd edib ki, fotoalbomun adı böyük alim və Qərbi Azərbaycan tarixinin əsas tədqiqatçılarından biri olan, Dövlət Mükafatı laureatı İsrafil Məmmədovun eyni adlı tarixi əsərindən ilhamlanaraq seçilib. Bu əsər Azərbaycan tarixinin önəmli səhifələrindən birini əks etdirir və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Albomun fransız dilinə tərcüməsi, Azərbaycanın tarixi irsinin beynəlxalq müstəvidə tanıdılması və İrəvanın Azərbaycan xalqı üçün əhəmiyyətinin geniş auditoriyaya çatdırılması istiqamətində atılmış önəmli bir addımdır. İ.Rizazadə, layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, bu cür təşəbbüslərin Azərbaycan tarixinin qorunması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdiriləcəyini vurğulayıb.
Pərvanə Fərhadqızı










