Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Qarabağın gerçək kimliyi: Alban abidələri” layihəsi çərçivəsində görülən işlərin yekun hesabat konfransı baş tutub.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihə çərçivəsində keçirilən tədbirdə Alban-Udi dini icmasının rəhbəri Robert Mobili, Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Orxan Cəmilli, “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının müəllifi, professor Məhəbbət Paşayeva və tarixçi Cəfər Xanəliyev iştirak edib.
Birliyin sədri Kənan Məmmədov qeyd edib ki, layihə çərçivəsində Qafqazşünaslıq və Qafqaz Albaniyasının tarixi üzrə ixtisaslı tarixçilərin iştirakı ilə mənbələr araşdırılıb, ssenari yazılıb və sənədli film hazırlanıb: “Film Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərinə də tərcümə edilib. Bakıda və paytaxtdan kənarda interaktiv seminarlar keçirilib. Xarici vətəndaşlarla onlayn qaydada təşkil edilən görüşlər zamanı Qarabağın alban irsi və erməni saxtakarlığı haqqında ətraflı məlumat verilib".
“Qarabağın gerçək kimliyi: Alban abidələri” sənədli filminin nümayişindən sonra Alban-Udi dini icmasının rəhbəri Robert Mobili alban irsinin təbliği istiqamətində görülən işlərə gənclərin təşviq edilməsinin əhəmiyyətindən danışıb. Professor Məhəbbət Paşayeva erməni saxtakarlığı haqqında xarici ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Tarixçi Cəfər Xanəliyev azərbaycanlıların alban mədəni irsinin qanuni varisi sayıldığı qeyd edərək, bu irsə yiyələnmək istəyən ermənilərin saxtakarlıq əməllərindən nümunələr çəkib.
Qeyd edək ki, konfransa layihə iştirakçılarının mükafatlandırılması ilə yekun vurulub.
Pərvanə Fərhadqızı



















