Diplomatik korpusun üzvləri və akkreditə olunmuş hərbi nümayəndələr Ağdam-Xankəndi yolunda olub. Burada qonaqlara avtomobil yolu və Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı təqdimatlar olunub. Səfərin əsas məqsədi Qarabağ iqtisadi zonasının yol infrastrukturunun potensialı ilə tanış olmaqdır. 

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov bildirib ki, Ağdam- Xankəndi yolunun təqdimatının məqsədi Ermənistanın yaratdığı problemlərin həlli, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi müstəvisinə yenidən inteqrasiyasıdır: “Bu yol Qarabağın erməni əhalisi üçün “blokada” ilə bağlı bütün sualları aradan qaldıran real təklifdir, eyni zamanda Qarabağ ermənilərinin praktiki reinteqrasiyası üçün fürsətdir ki, bu da regionda ümumi vəziyyətin həlli üçün son dərəcə vacibdir. Bilməliyik ki, bu müxtəlif millətlərin nümayəndələrinin bir yerdə yaşamasına təkan verəcək. Bu kontekstdə cəmi 23 km uzunluğunda olan və istismara hazır olan Ağdam-Əsgəran-Xankəndi yolu müvafiq rol oynayacaq. Bu yol regionda kommunikasiyaların açılması üçün mühüm yoldur”.

İqtisadçı ekspert həmçinin qeyd edib ki, dünya Qarabağ həqiqətlərini bilməli, ölkəmizdə baş verən faktlar danışıqlar prosesində bu və ya digər şəkildə iştirak edən bütün ölkələrə çatdırılmalıdır: “Təəssüflər olsun ki, bir sıra Qərb ölkələrində media, ekspertlər və hətta müşahidə edirik ki, yüksək rütbəli məmurlar Qarabağda baş verən hadisələri qeyri- adekvat şəkildə yayımlayırlar”.

 

 

Pərvanə Fərhadqızı