2024-cü il Olimpiya Oyunlarının başlamasına iki ay yarım qalmış ilk zibil işçilərinin tətili mayın 14-dən 16-dək Parisdə keçiriləcək.
QHT.az xəbər verir ki, Ümumi Əmək Konfederasiyası (CGT) apreldə verilən tətil xəbərdarlığının hələ də qüvvədə olduğunu və Fransa paytaxtının bütün rayonlarını əhatə edəcəyini təsdiqləyib. Dövlət şirkətlərinin deyil, özəl şirkətlərin fəaliyyət göstərdiyi rayonlarda zibil yığan maşınların və tozsoranların operatorları da tətilə qoşulacaq.
Həmkarlar ittifaqı digər məsələlərlə yanaşı, Yay Olimpiya və Paralimpiya Oyunları zamanı tullantıların toplanması ilə məşğul olan şirkətlərin işçilərinə aylıq maaşların 400 avro artırılmasını və 1,9 min avro məbləğində birdəfəlik mükafat verilməsini tələb edir. Tələblərin yerinə yetirilmədiyi təqdirdə CGT mayın 22-dən 24-dək və iyulun 1-dən sentyabrın 8-dək, yəni bilavasitə beynəlxalq yarışların keçirildiyi dövrdə tətil elanları da verib.
Fransada Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək. Müsabiqə dövründə Paris rəsmiləri təxminən 20 milyon turist gözləyir.
Pərvanə Fərhadqızı












