Ailə quran şəxslərin əsas baxışları uyğun, yaxın olduqda ailə münasibətlərinin inkişafından ötrü əlverişli imkan və şərait yaranır. Onlar münasibətlərini, özlərinin ailə vəzifələrini düzgün başa düşür, müvafiq şəkildə hərəkət edirlər.

Təkcə ərin və ya arvadın ideya sərvətlərindən deyil ailənin ideya sərvətlərindən danışmaq istərdim.

Ailənin ideya sərvətləri dedikdə onun üçün əhəmiyyətli olan ideyalar-sosial, mənəvi və estetik ideyalar nəzərdə tutulur. Bu ideyalar və ideallar ailənin xeyir və şər, həqiqət və yalan, gözəllik və çirkinlik, ədalət və ədalətsizlik haqqındakı təsəvvürlərini əks etdirir. Onlar ailənin həyat təcrübəsi gedişində daha da təkmilləşir, yeni məna alır.

Ailə də, məhəbbət də bir növ canlıdır, o da doğulur, ömrünün bahar və  qış fəsillərini yaşayır. Məhəbbətin "qış" fəslində necə edək ki, ailələrimiz  dağılmasın? Ümumiyyətlə, xöşbəxt olmaq üçün təkcə sevgi, məhəbbət hissi kifayətdirmi?

Ailə xöşbəxtliyinin sirlərini təkcə məhəbbətlə izah etmək çox sadəlovh görünərdi. Adamların təxminən yarısı bir-birilərini sevmədən ailə qururlar. Buraya ilk növbədə qohum və tanışlar, ana və bacılar vasitəsi ilə  yaranan ailələr daxildir. Bir çox ailələr isə təsadüfü tanışlıq əsasında yaranır. Müəyyən mülahizə ilə bağlanan ailələrə də rast gəlmək olur. Boşanmaya aid statistika göstərir ki, bu ailələrin bir qismi müəyyən müddətdən sonra dağılır. Belə ailələrə az ömürlü ailələr deyilir.

Bir cəhəti də qeyd edək ki, qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılırmı?

Xeyir. Hətta bir-birini sevmədən ailə qurmuş ər və arvadın bir çoxu son dərəcə xöşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir-birilərinə, sözün həqiqi mənasında sevmək öyrədirlər, bir-birilərinə möhkəm bağlanırlar. Ömür boyu birlikdə xöşbəxt yaşayır və sağlam övladlar tərbiyə edirlər. Belə ailələrin möhkəmliyinə səbəblər hər ikisinin şəxsi keyfiyyətlərindən, məsuliyyətli olmalarından, onların şəxsiyyətindən asılıdır. Onlar birlikdə həyatı öyrəmə-öyrənə və bir-birilərinə öyrədərək xöşbəxt ömür sürərlər.

C.Cabbarlınin "Yaşar” pyesində deyildiyi kimi:

- Həyat sən kiminsən?

- Mən həyatı öyrənənin.

Cəmiyyətimizin, dövlətimizin, mənəvi sağlıqlı, möhkəm və qüdrətli olması bilavasitə ailələrin uğurlu olmasından asılıdır.

 

Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri 

 

Qeyd edək ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.