Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə gedən və axtarış-xilasetmə işlərinə qatılan Pakistan qrupu ölkələrinə qayıdıb.
QHT.az xəbər verir ki, Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinə qatılan xarici qruplar ölkələrinə qayıtmağa davam edir. Pakistanlı axtarış-xilasetmə qrupu zəlzələ bölgəsində işlərini bitirdikdən sonra Pakistana gəlib.
Komandanı İslamabad beynəlxalq hava limanında Pakistanın təhsil naziri Rana Tanvir Hüseyn və Türkiyənin İslamabaddakı səfiri Mehmet Paçacı qarşılayıblar. Qarşılamadan sonra açıqlama verən Paçacı Pakistana zəlzələ fəlakəti ilə bağlı Türkiyəyə verdiyi dəstəyə görə təşəkkür edib. Türkiyə ilə Pakistan arasında dünyada bənzəri olmayan bir dostluğun olduğunu vurğulayan Paçacı Pakistan axtarış-xilasetmə qrupunu Türkiyədə fəaliyyətlərinə görə təbrik edib.
Zəlzələ fəlakətindən sonra Türkiyəyə gedən 35 nəfərlik Pakistan komandası dağıntılar altında qalan 13 nəfəri sağ-salamat xilas edib.












