- Doğrudan da insanı yaşadan arzulardır. Mənim də arzum Amerika Birləşmiş Ştatlarında təhsil almaq idi. Bakı Slavyan Universitetinin (BSU) nəzdindəki Məktəb-Lisey kompleksində təhsilimi fərqlənmə ilə Bitirəndə müəllimlərim məndən soruşdu: Ali təhsil aldıqdan sonra  vətənə dönəcəksənmi?”

-“Əlbəttə” – deyə cavab verdim. “Mən doğmalarıma, vətənimə bağlı insanam. Mütləq qayıdacaq, öyrəndiklərimi Azərbaycanda tətbiq etməyə çalışacağam”.

Qeyd edək ki, hələ kiçik yaşlarından  Şəms Humay üçün sosial həyat həmişə maraqlı olub. Azərbaycan Dövlət Televiziyasında yayımlanan bir çox filmlərdə və tamaşalarda baş rolda çəkilib. “Nənəmin Kitabı - 1”, “Nənəmin Kitabı - 2”, “Novruz gəlir”, “Bakı toyları”, “Bizim rəqslər” və “Biləyən” verilişinin aparıcısı olub. Bundan əlavə böyük səhnələrdə  respublika miqyaslı tədbirlərin də aparıcısı olub.

2023-cü il Şəms Humay Nəsibzadəyə uğurlar gətirib. Yüksək təqaüdlə Avropanın və Amerikanın bir neçə universitetinə qəbul təklifi alan 16 yaşlı yeniyetmə seçim qarşısında qalsa da sonda qərarını belə verib:

ABŞ-nin Florida Beynəlxalq Universiteti (100 faiz təqaüd), Sent-Luis Universiteti (200 min dollarlıq vitse-prezident təqaüdü), Kent Dövlət Universiteti, Cənubi Florida Universiteti (Qızıl prezident təqaüdü) və Arizona Universiteti, Finlandiyanın Oulu Universiteti (60 faiz təqaüd) və LUT Universiteti, Litvanın Vilnüs Gediminas Texniki Universiteti, Çexiyanın Çarlz Universiteti, Türkiyənin Boğaziçi Universiteti (100 faiz) təqaüdlə məni qəbul etdilər. Hər gün bir-iki universitetin qəbul təkliflərini aldığım zaman keçirdiyim hissləri təsəvvür edirsinizmi? Bu universitetlərin hər biri üçün xarici dil bilgisindən imtahan və müsahibə vermişəm.

“İmtahanlar yəqin ki, heç də asan olmayıb” – sualımızı gənc tələbə belə cavablandırdı: - ”Ən çətini Finlandiya universitetlərindən birinə, bir də “Türkiyə bursları” təqaüd proqramına verdiyim imtahan və müsahibələr oldu. Müsahibələrdə iki saat dayanmadan danışmışam. Bununla yanaşı, riyaziyyat və məntiq fənlərindən də imtahan vermişəm. Nəhayət ki, iki ilin gecə-gündüzlü hazırlığı öz bəhrəsini verdi”

- Belə başa düşdük ki, ingilis dilini mükəmməl bilirsiniz

- Sözün düzü, alman dilini də pis bilmirəm. Alman dilindən B1 sertifikatı almışam, orada da oxumaq şansım var idi. Sadəcə olaraq, hədəfim ABŞ olduğuna görə, oranı qəbul etmədim. Hər zaman mənə deyirdilər ki, Türkiyənin Boğaziçi Universitetindən qəbul gələrsə, iki dəfə düşün. Səbəbi maraqlı gəlirdi. Maraqlandım və öyrəndim ki, oradakı ortam tamam başqadır. Cəmi üç faiz xarici tələbə qəbul edirlər. Ümumilikdə, 15 min tələbəsi olur. Hər il dünya üzrə iki-üç nəfərə təqaüd verilir, mən də onlardan biriyəm (gülür). Düşündüm ki, Boğaziçi Universitetinə getsəm, daha şanslı olaram. Oradan da ABŞ-yə rahat gedə bilərəm. İki il sonra ABŞ-də təhsilimi davam etdirəcəyəm”.

- Deməli, Türkiyənin Boğaziçi Universitetini seçmisiz?

- Bəli. “Kompüter mühəndisliyi üzrə təhsil alacağam. Magistraturanı da ABŞ-də oxumağı düşünürəm. Əsas təcrübədir. Mən kompüter  proqramları  kursunu da  bitirmişəm. Tam olaraq proqramçı kimi layihələr yazıram. Amma təkcə oxumaqla iş bitmir, daha çox təcrübə lazımdır. Dünya böyükdür, harda təhsil alsam da, sonda vətənimə dönəcəm. Özümü Azərbaycansız təsəvvür etmirəm. Doğrudur, fikirlərimə qarşı çıxanlar da var, hətta qınayırlar da. Deyirlər ki, xaricdə təhsil alandan sonra geri dönməyəcəksən. Bu fikirlə heç cür razılaşmıram. Təfəkkürlü insanların, düşünən beyinlərin hamısı xaricə köçərsə, vətənin, ana torpağın vəziyyəti necə olar? Sivil ölkələrin universitetlərində təhsil alan gənclər əl-ələ verərsə, öyrəndiklərini, təcrübələrdə qazandıqlarını Azərbaycanda həyata keçirərlərsə, ölkəmizin tərəqqisi də günü- gündən güclənər, elmimiz, texnikamız inkişaf edər.Mən buna inanıram.

- Uğurlarınız bol olsun, Şəms Humay Nəsibzadə! Əsl mütəxəssis kimi görüşənədək!

– Sözün düzü, Şəms Humayın adı mənə maraqlı gəldiyindən mənasını da elə özündən soruşdum.Yenə güldü: “Adımın mənası? – Xoşbəxtlik quşu, xoşbəxtlik günəşi!” – dedi. “Bu gülərüzlü, təbəssümlü qızın sevinci bütün oxucularıma nəsib olsun!” arzusu ilə salamat qalın.

 

Pərvanə Fərhadqızı