Sosial şəbəkədə belə bir hadisə ilə qarşılaşdım. Bir ailədə ata və ana oğullarının filan xanımla ailə qurmasına razı deyildilər. Ata oğluna deyib ki, get ailəni harada istəyirsən saxla. İndi onlar boşanır, oğlan qaçıb Avropaya. Qız oğlanın ata anasını məhkəməyə verib, pensiyalarından aliment tutduracağını bildirir.

QHT.az bu məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas Fariz Əkbərovdan açıqlama alıb. Hüquqşünasın fikirlərinə görə, Azərbaycan Respubklikasının Ailə Məcəlləsində ailənin digər üzvlərinin də alimet öhdəlikləri nəzərdə tutulub, yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər: “Burada baba və nənənin nəvələrini saxlamaq vəzifəsi də müəyyənləşir. Göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Adətən qanun belə təsbit edib ki, əgər nəvənin valideynləri, yaxud da onlardan biri övladını saxlaya bilmirsə, zəruri vəsaiti yoxdursa, buna zəruri vəsaiti olan baba-nənədən nəvənin o alimenti tələb etmək hüququ yaranır. O haldakı yalnız valideyni və valideynlərdən biri bunun təminatını verə bilməsin. Nənə və babanın ödəyəcəyi alimentin məbləğinə gəlincə, bu atananın ödəməli olduğu məbləğlə eynidir”.

Alimentin miqdarına gəldikdə isə QHT sədri qeyd edib ki, aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər: “Qanunvericiliyə görə, 2 formada aliment tutulur. Birinci forma odur ki, alimentin tutulması müəyyən meyarlarla nəzərdə tutulub. Bir uşağa görə qazancının və gəlirlərinin 4-də 1 hissəsi, 2 uşağa görə gəlir və qazanclarının 3-də 1 hissəsi, 3 və daha çox uşaqdırsa qazanc və gəlirlərin yarısı hesab olunur. Digər hallarda isə sabit pul məbləğində alimentin tutulması təsbit edilib. Hər il ehtiyac meyarı dəyişir. Bu il üçün 2024-cü ilin yanvar ayından etibarən uşaqların saxlanması üçün 234 manat nəzərdə tutulub”.

 

 

 Pərvanə Fərhadqızı