“Biz həmişə milli maraqlarımız çərçivəsində, eyni zamanda günün tələblərini dəyərləndirərək fəaliyyət planlarımızı qururuq. Xaricdə və ölkəmizdə keçiridyimiz tədbirlər, kitabların təqdimatları da bu istiqamətə söykənir. Yeni layihələr işləyir və onların effektivliyini artırmaq üçün araşdırmalarımızı davam etdiririk. Yazarlardan, alimlərdən, ictimai fəallardan ibarət üzvlərimiz daim inkişafa əsaslanan yeni ideyalar üzərində düşünürlər. Həmin ideyalar bitkin hala gələndə artıq bunlar yeni layihə təşəbbüslərinə çevrilir”.
Bu fikirləri “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, Türk dünyasında, o cümlədən Azərbaycanda, Cənubi Qafqazda baş verən olayları izləyir, diqqətdə saxlayır, yeri gəldikcə mətbuatda, sosial mediada münasibətlərini bildirirlər: “Birlik olaraq ictimai proseslərdən kənarda qala bilmərik. Təşkilatımız Türk dünyası ölkələrində kifayət qədər yaxşı tanınır. Ölkəmizdə və xaricdə bir sıra tədbirlər keçirir, yeni əməkdaşlıq əlaqələri qururuq. Eyni zamanda, birliyin nizamnaməsinin imkan verdiyi aktual məsələlərlə bağlı həyata keçirdiyimiz layihələrin nəticələrindən irəli gələn təklif və tələbləri dəyərləndiririk. Bunlar sırada nəzərdə tutulan layihələrimizin ideyasında, istiqamətində istifadə olunur. Dəvət aldığımız digər QHT tədbirlərində iştirak edirik. Layihələrimizə dəyər verdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, təşkilat 2010-cu ildə dövlət qeydiyyatına alınıb, 2011-ci ildən etibarən davamlı surətdə milli maraqlarımızın qorunması, mədəniyyət və ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı layihələr icra etməyə başlayıb.
Pərvanə Fərhadqızı












