Vərəm mikobakteyalarının (vərəm xəstəliyin törədicisi) aşkarlanması xüsusi ixtisaslaşdırılmış vərəm laboratoriyalarında, dünyada və ölkəmizdə qəbul olunmuş, icra olunan, ÜST-nin tövsiyələrinə əsaslanan müayinələrin nəticəsində təsdiqlənir. Bu Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutununda və vərəm əleyhinə mübarizə aparılan müəssisələrdə aparılır.
Bu bir faktdır ki, cəmiyyətdə vərəm pandemiyasının qarşısının alınması və müalicəsi ilə bağlı məlumatsızlıq və ya dezinformasiya geniş yayılıb. Bəs buna qarşı hansı strategiya izlənilir?
QHT.az bu sualı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlıya ünvanlayıb. QHT sədri vərəmin dünyada yayılmış bir pandemiya olduğunu və get-gedə də artmaqda davam etdiyini təəssüflə qeyd edib: “Ən böyük faciə onda yaşanır ki, dövrümüzdə artıq çoxsaylı və geniş saylı dərmanlara davamlılıq yaranıb. Əvvəllər vərəmin sadə forması müalicə edilirdisə, müalicə çox gözəl effekt də alınırdı. İndi elm, texnika, elmi-texniki tərəqqi nə qədər inkişaf edibsə, vərəm ştammının davamlılığı bir o qədər artıb”.
QHT sədrinin sözlərinə görə, vərəm xofu olan vərəm stiqması və etinasızlıq cəmiyyət arasında çox yayılıb. Bunun insanların məlumatsız olmalarından irəli gəldiyini də qeyd edən Çingiz Ramazanlı insanların infeksiya haqqında, vərəm haqqında az məlumatlı olduğunu da vurğulayıb: “Biz vətəndaş cəmiyyəti üzvləri, vətəndaş cəmiyyəti adından monitorinqlər keçirəndə təyin edirik ki, doğurdan da məlumatsızlıqlar var. Bizim stategiya çox sadə olaraq, bütün dünyada qəbul edilmiş stategiyanın bir hissəsidir. Yəni vərəm bütün dünyada vətəndaş cəmiyyəti tərəfindən maarifləndirmə yolu ilə, elmi tibbi-elmi müalicə müəssisələri tərəfindən isə müayinə və müalicə yolu ilə dəf olunur”.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Milli Vərəm Proqramının rəhbər şəxsləri ilə mütəmadi əlaqədə olduqlarını da bildirən QHT sədri bildirmişdir ki, bu mötəbər baş strukturun tövsiyyələrinə əsasən stiqmanın daha çox olduğu ölkənin ərazilərində təşkilat tərəfindən maarifləndirmə işlərinin apaılması daha məqsəduyğundur və işlər bu istiqamətdə qurulur: “Vərəmsiz gələcəyə doğru İctimai Birliyi olaraq bizim 3 istiqamət- şimal, qərb və cənub üzrə inzibati ərazi nümayəndəliyimiz var. Bu üzvlərimizdən istifadə edərək, maarifləndirməni bu istiqamətdə aparırıq. Nümayəndəliklərə mərkəzdən məlumatlar verilir. Təlimçiləri özüm hazırlayıram və onların bütün fəaliyyətləri konkret olaraq təşkilat tərəfindən müşahidə olunur. Qızıl Aypara Cəmiyyətinin keçirdiyi təlimlərdə təlimçilərimiz həm vərəm haqqında biliklərini artırırlar, həm də maarifləndirmə istiqamətində təlimçilik peşəsinin sirrlərini təkminləşdirirlər. Bunlar üçün əlbətdə ki, maddi dəstək lazımdır. Bunu isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hər il keçirdiyi qrant layihələrdə qalib olanda əldə edirik”.
Pərvanə Fərhadqızı












