Filmimiz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin birgə əməyinin məhsuludur. "Coğrafiya müəllimi" filmində Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyindən bəhs olunur.

QHT.az xəbər verir ki, bunu “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Əməkdar jurnalist Mübariz Əsgərov ssenari müəllifi olduğu "Coğrafiya müəllimi" adlı qısametrajlı bədii-sənədli filmin təqdimat mərasimində deyib.

O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli Ordumuzun gücü sayəsində torpaqlarımız azadlığına qovuşub, ərazi bütövlüyümüz tam bərpa olunub.

"Qələbəmizlə hər birimizin qəddi düzəlib. Müharibə bitib, amma minlərlə ailə hələ də yol gözləyir. Qısametrajlı filmimiz Birinci Qarabağ müharibəsi zamanı Şuşada itkin düşən coğrafiya müəllimi Nəsir Bağırova həsr edilib”, -deyə Mübariz Əsgərov qeyd edib.