Vətən müharibəsinin 21-ci günü - 2020-ci oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur. Vətən müharibəsində Füzuli şəhəri də daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır: “Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək”.
Qeyd edək ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Həmin gün rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Pərvanə Fərhadqızı










