Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mina təhlükəsindən özünü və yaxınlarını qoru mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” layihəsi uğurla başa çatıb.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə çərçivəsində Ağdam Ağcabədi və Beyəqan rayon İcra Hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində   hər bir rayon üzrə 30 yerli sakinin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar həyata keçirilib. Seminarlarda müvafiq rayon  icra hakimiyyətinin əməkdaşları iştirak etmiş, layihə komandasını və iştirakçıları salamlayıb, həyata keçirilən layihəni yüksək qiymətləndirib, seminarların postmüharibə dövründə də ciddi fəsadlar yaradan mina və  partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükəni nəzərə alaraq  xüsusi əhəmiyyətini qeyd edib. Layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri haqqında ətraflı  məlumat verib, seminar iştirakçılarına uğurlar arzulayıb.

Layihə üzrə ekspert, mina təhlükəsizliyi üzrə  mütəxəssis Vaqif Sadıqov  qlobal miqyasda mina və Müharibənin partlamamış qalıqları, Ottava konvensiyası, müharibənin təsirlərinə məruz qalmış rayonlarda mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları haqda ümumi məlumat (mina mifləri), mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə fəaliyyətləri haqqında təqdimatlar etmiş, maraqlı  müzakirələr aparılıb.

Qeyd edək ki, layihənin əsas məqsədini keçmiş təmas xəttinə yaxın və müharibədən zərərçəkmiş ərazilərdə təhsil alan, yaşayan, işləyən yerli sakinləri mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumatlandırmaq təşkil edib.

 

 

Pərvanə Fərhadqızı