Bölgələrdə fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərinin nümayəndələri də Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı Bakı şəhərində paytaxt və bölgələrdən 600-ə yaxın qadının iştiraki ilə keçirildi. Tədbirin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına müraciəti səsləndirildi.
Qurultayda Türkiyə, Özbəkistan və Tacikistandan rəsmi nümayəndələr, millət vəkilləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, eləcə də dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai-siyasi xadimlər dörd paneldə “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə çıxış etdilər və müzakirələr apardılar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradova çıxışında qadınların öz hüquqları barədə məlumatlılığının artması ilə cəmiyyətdə iqtisadi, siyasi, sosial və ictimai mühitdə rolunun inkişaf etməsi məqamına toxundu. Komitə tərəfindən onlara pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı müvafiq strategiyadan məlumatları diqqətə çatdırdı.
Çıxışçılar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dalğalanan üçrəngli bayrağından, torpaqlarımızı qanı və canı ilə azadlığına qovuşduran qəhrəmanlarından, o qəhrəmanları yetişdirən analardan hörmət və ehtiramla söz açdılar.
Mən də Neftçala Qadın Resurs Mərkəzinin nümayəndəsi olaraq qurultayda iştirakımla bağlı təəssüratlarımı kiçik şeirimlə təqdim edirəm.
O bahar nəfəsli, rüzgar qanadlı,
Tanrının ən böyük əsəri qadın.
Onun zəkasıyla güləcək cahan,
Haqqın qılıncının kəsəri qadın!
Yamyaşıl nəğməli arzuların da,
Yaşıl düşüncəli bəstəkarıdır.
Gələn nəsillərin davamı onda,
Sabahımız onun bəhrə-barıdır!
Yer üzü qurtular cəhalətindən,
Dünya başdan-başa dönər cənnətə!
Kürsülər qadınla qoşa bölünsə,
Bəşər alqış deyər bu ədalətə!
Gülqədəm Mirzəzadə
Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri












