Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd Bakı 14 saylı mediasiya təşkilatının fəaliyyəti ilə yerində tanış olub və təşkilatın əldə etdiyi nailiyyətləri, qarşıda duran hədəfləri, vətəndaşlar arasında imzalanan barışıq sazişlərinin məzmunu üzrə kazusları müzakirə edib.

QHT.az xəbər verir ki, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev təşkilatın gördüyü işlər və əldə etdiyi nailiyyətlər, eyni zamanda təşkilatın planlaşdırılan marketinq strategiyası barədə məlumat verib. Görüşdə iştirak edən Bakı 14 saylı mediasiya təşkilatının mediatoru Esmira Rzayeva vəkil kimi əldə etdiyi mediasiya sazişlərini diqqətə çatdırıb və mediator kimi təşkilatla səmərəli əməkdaşlığını qeyd edib. Mediator Cəlal Hüseynov mediasiya sahəsində təşkilatın gördüyü işləri qeyd edib və təşkilatın keyfiyyətli mediasiya proseslərinin aparılması üçün gördüyü işlərdən danışıb.

Görüşün sonunda, Mediasiya Şurasının nümayəndələri təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının yaradılmasını təklif ediblər. Təşkilatın rəhbərliyi və mediatorlar tərəfindən təqdim edilən məlumatlar, mediasiya proseslərinin daha da təkmilləşdirilməsi və vətəndaşlara daha yaxşı xidmət göstərilməsi məqsədini güdür.

 

Pərvanə Fərhadqızı