Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən  həyata keçirilən “Kino əsərlərinin dialoqu: Gənc kino xadimləri ilə təlim proqramı (“Bayatılar”)” layihəsi uğurla davam edir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 5 qısa (hər biri təxminən 10–12 dəqiqəlik) bədii film üçün ədəbi ssenarilərin hazırlanması nəzərdə tutulur. Filmlərin məzmununda “bayatı” janrına birbaşa və ya dolayı istinadlar yer alacaq, bu janr müasir baxış bucağından yenidən dəyərləndiriləcək və onun əsasında bədii film ssenariləri hazırlanacaqdır.

Layihənin əsas benefisiarları yaradıcı sahədə fəaliyyət göstərən gənc ssenaristlər və rejissorlardır. İştirakçılar milli ədəbi irsin müasir interpretasiyası sahəsində praktiki bilik və bacarıqlar əldə edir, yaradıcı potensiallarını inkişaf etdirir və gələcək peşəkar fəaliyyətlərində bu təcrübədən faydalanmaq imkanı qazanırlar.

Layihənin başlanğıc mərhələsində təxminən 18 gənc iştirakçı prosesə cəlb olunmuşdur. İlkin təlim və ustad dərslərindən sonra onların təxminən 10 nəfəri öz ssenariləri üzərində işləməyə davam etmişdir. Layihənin yekununda isə ən azı 5 ssenarinin tamamlanması nəzərdə tutulur.
İş prosesi ərzində təcrübəli ekspertlər layihə iştirakçıları ilə mütəmadi görüşlər keçirir, ssenarilərin məzmununu təhlil edir və yaradıcı müzakirələr aparırlar. Yaradıcı ideyaların inkişafı, ssenarilərin mərhələli şəkildə təkmilləşdirilməsi və peşəkar rəy mexanizminin tətbiqi layihənin keyfiyyətli nəticələr əldə etməsinə şərait yaradır.

Layihənin yekun məhsulu olacaq “Bayatılar” kinoalmanaxının müasir Azərbaycan kinosunda milli irsə əsaslanan orijinal yaradıcılıq nümunəsi kimi formalaşacağı və gələcəkdə geniş auditoriyaya təqdim olunacağı gözlənilir.