"Ermənistanda keçirilən tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Nikol Paşinyanın qələbəsi ilə başa çatması daxili siyasi proseslə yanaşı, eyni zamanda regionda sülh gündəliyinin və əməkdaşlıq perspektivlərinin qələbəsi kimi qiymətləndirilə bilər. Bu nəticə Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq, açıq kommunikasiyalar və qarşılıqlı faydalı əlaqələr coğrafiyasına çevrilməsinə yönəlmiş təşəbbüslərin dəstəkləndiyini göstərir".

Bu fikirləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a açıqlamasında söyləyib.

Cəsarət Hüseynzadə bildirib ki, erməni cəmiyyətinin seçimi regionda yeni siyasi reallığın formalaşdığını göstərir: "Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının qalib gəlməsi, revanşist və radikal qüvvələrin, eləcə də xarici təsirlərə, konkret olaraq Rusiyaya söykənən siyasi dairələrin uğur qazana bilməməsi erməni cəmiyyətinin müharibə və qarşıdurma deyil, sülh və inkişaf yolunu seçdiyini nümayiş etdirir. Bu, ilk növbədə Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri və Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi sülh diplomatiyasının formalaşdırdığı yeni regional reallığın nəticəsidir".

C.Hüseynzadənin sözlərinə görə, Azərbaycanın diplomatik fəaliyyəti regionda yeni imkanlar yaradıb: "Son illərdə Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə və diplomatik fəaliyyət regionda tamamilə yeni şərait yaradıb. Məhz bu siyasət nəticəsində Ermənistan öz müasir tarixində ilk dəfə olaraq davamlı inkişaf və təhlükəsizlik üçün yeganə real yolun sülhdən keçdiyini qəbul etmək məcburiyyətində qalıb. Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi bəzi dairələt tərəfindən ciddi müqavimətlə üzləşsə də, zaman keçdikcə həm erməni siyasi elitası, həm də cəmiyyət tərəfindən yeganə real çıxış yolu kimi qəbul edilməyə başlayıb".

Sədr vurğulayıb ki, erməni cəmiyyəti artıq ikinci dəfə sülhə üstünlük verir: "Erməni cəmiyyəti artıq ikinci dəfədir ki, sülh gündəliyinə səs verir. 2021-ci ilin 20 iyun seçkilərində Paşinyanın 54 faiz səs toplaması bunun ilk nümunəsi olmuşdu. Bu gün də seçicilərin böyük hissəsi revanşizmə deyil, sülhə üstünlük verir. Bununla erməni cəmiyyəti ən azı tarixin indiki mərhələsində revanşist ideyaların perspektivsiz olduğunu nümayiş etdirmiş olur".

Cəsarət Hüseynzadə qeyd edib ki, normallaşma təşəbbüsləri seçicilərin dəstəyini gücləndirib: "Diqqət çəkən məqamlardan biri də odur ki, Paşinyanın elektoral dəstəyi məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq təşəbbüslərinin irəli sürülməsindən sonra daha da güclənib. Bu fakt göstərir ki, erməni seçicisi qarşıdurma deyil, iqtisadi inkişaf, sabitlik və əməkdaşlıq vədlərinə üstünlük verir".

C.Hüseynzadənin sözlərinə görə, Azərbaycanın sülh siyasəti bütün çətinliklərə baxmayaraq davam etdirilib: "Bir neçə il əvvəl həm Ermənistan rəhbərliyi, həm də bəzi beynəlxalq dairələr tamamilə fərqli mövqe nümayiş etdirirdilər. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi bütün təzyiqlər və müxtəlif siyasi təsirlər qarşısında sülh gündəliyindən geri çəkilmədi, dayanıqlı və uzunmüddətli sülh strategiyasını qoruyub saxladı. Bu gün Paşinyanın qələbəsi də məhz həmin sülh gündəliyinin siyasi nəticələrindən biri kimi qiymətləndirilə bilər".

Sədr bildirib ki, erməni cəmiyyətinin seçimi dövlətçilik və inkişaf perspektivlərinə üstünlük verildiyini göstərir: "Erməni cəmiyyəti sülhə səs verməklə əslində öz dövlətçiliyinin qorunmasına, yeni imkanların açılmasına və xarici asılılıqlardan uzaq gələcək qurulmasına üstünlük vermiş oldu. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi də öz təhlillərində erməni cəmiyyətinin yenidən sülhü seçəcəyini, ən azı hazırkı mərhələdə revanşizmə və keçmişə qayıdışa dəstək verməyəcəyini əsaslandırılmış şəkildə qeyd etmişdi".

Cəsarət Hüseynzadə vurğulayıb ki, seçkilərdən sonra konkret addımların atılması vacibdir: "Bununla yanaşı, seçkilərdən sonra Ermənistan rəhbərliyinin konkret addımlar atması vacibdir. İlk növbədə Qarabağ separatizmi ilə bağlı bütün strukturların və onların qalıqlarının fəaliyyətinə son qoyulmalı, xaricdəki qanunsuz nümayəndəliklər bağlanmalı, maliyyə və təşkilati dəstək mexanizmləri dayandırılmalıdır. Bu istiqamətdə atılacaq addımlar Ermənistanın yeni mərhələyə keçid niyyətinin praktik təsdiqi olacaq".

Sədr qeyd edib ki, regional sabitlik üçün bir sıra mühüm məsələlərin həlli zəruridir: "Digər mühüm məsələlər isə Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, sülh sazişinin imzalanması üçün zəruri hüquqi və konstitusion dəyişikliklərin həyata keçirilməsi, eləcə də xaricdə Azərbaycana qarşı yönəlmiş ideoloji fəaliyyətlərə dəstəyin dayandırılmasıdır. Bütün bunlar reallaşacağı təqdirdə, Ermənistan cəmiyyətinin verdiyi sülh mesajı konkret siyasi nəticələrə çevrilə və Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq dövrünün əsasını qoya bilər".

Fatimə Nəbiyeva