Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan "İstedadlar Akademiyası" layihəsi çərçivəsində növbəti uğurlu Ustad dərsi baş tutub.
"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri, layihə rəhbəri Vüsalə Sadıqova ( Qələndərli ) layihənin məqsəd və vəzifələrindən bəhs edərək, gənclərin və istedadlı şəxslərin üzə çıxarılması, onların fərdi inkişafına dəstək verilməsi yönündə görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra çıxış edən İctimai Birliyin sədr müavini Nargul Quliyeva və tanınmış şairə Esmira Günəş rəqs və musiqinin milli-mədəni irsimizin qorunmasındakı mühüm rolundan danışıb, iştirakçılara bu yaradıcılıq yolunda müvəffəqiyyətlər arzulayıblar.
Ustad dərsi tanınmış xoreoqraf, "Azərbaycan milli rəqsləri" kitabının müəllifi Amil Əhmədov tərəfindən aparılıb. Praktik və nəzəri hissədən ibarət olan dərsin gedişatında iştirakçılara həm zəngin Azərbaycan milli rəqslərinin incəlikləri, həm də müxtəlif xarici xalqların rəqs mədəniyyətləri və hərəkət texnikaları böyük peşəkarlıqla öyrədilib.
İştirakçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanan ustad dərsi həm milli rəqslərimizin yaşadılması, həm də dünya rəqs sənəti ilə yaxından tanışlıq baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbir sual-cavab və rəqs hərəkətlərinin birgə icrası ilə interaktiv şəkildə yekunlaşıb.
Sonda xatirə şəkli çəkdirilib.






