“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi çərçivəsində çəkilən  “İşığa doğru” adlı filmi Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın – Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.


Layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların üzləşdiyi zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir. 
 

Film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub. Film ingilis dilinə tərcümə olunub və beynəlxalq auditoriyaya təqdim ediləcək.
Film 9 yaşlı qızın timsalında həmin insanların hayqırtısından bəhs edir. Biz burada təkcə dəhşətləri göstərməmişik, eyni zamanda dünyaya çağırış etmişik. Müharibə təkcə statistika deyil, eyni zamanda məhv olan həyatlar deməkdir.